“31 Mart soyqırımı qurbanlarının da intiqamını almışıq” - Tarixçi alim

 “31 Mart soyqırımı qurbanlarının da intiqamını almışıq” -  Tarixçi alim
  31 Mart 2021    Oxunub:2383
“1918-ci ilin martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin dünyada soyqırımı kimi qəbul edilməsinin gecikməsinin kifayət qədər səbəbləri var”.

Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.
O qeyd edib ki, 1918-20-ci illərdə bizə qarşı həyata keçirilən soyqırımı 1920-ci ilin işğalından sonra birmənalı olaraq tarixdən çıxarıldı. Soyqırımı, milli qırğın deyil, vətəndaş müharibəsi ifadəsi tarixə gətirildi:

“Bunun da mahiyyəti o idi ki, guya 1918-ci ilin mart ayında Bakıda vətəndaş müharibəsi baş verib və həmin siyasi proseslərin günahkarı da Azərbaycanın milli demokratik qüvvələri sayılır. Vətəndaş müharibəsinin qəhrəmanı isə Stepan Şaumyan, Bakı Soveti qüvvələridir. 70 il ərzinə təbliğ olunan belə tarix olub. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra 18-20-ci illərdə mövcud olan real tarix və fövqəladə təhqiqat komissiyasının 36 cildlik sənədlərini önə çəkdik. Dünyaya məhz bu cür faktlarla çıxırıq”.

Tarixçi alim erməni vəhşiliklərinin sonrakı mərhələsini xatırladaraq bildirib ki, 80-ci illərin sonlarında Azərbaycanın tarixi torpaqları işğal olunan zaman soyqırımı siyasəti sərgiləndi:

“Həmin dövrdə biz hələ hamının gözü qarşısında başlayan işğal proseslərini belə dünyaya sübut edə, qəbullandıra bilmirdik. Amma xoşbəxtlikdən 44 günlük müharibə ilə bu böyük tarixi problemi özümüz həll etməyi bacardıq. Hazırda əsas gücü təbliğat, tədqiqat işlərinə yönəltmək lazımdır. 31 mart soyqırımı istiqamətində də uğurlu tədqiqatlarımız mövcuddur. Belə tədqiqatlar yalnız Azərbaycan və rus dillərində yox, digər dillərdə də var. Amma hər kəsin bunu soyqırımı kimi tanıması bir qədər uzun prosesdir. Çünki tarixi həqiqətləri dünyaya çatdırmaq üçün güclü təbliğat mexanizmlərinə ehtiyac var. Biz xalq olaraq bu mexanizmi müstəqilliyin bərpasından sonra, xüsusən də son illərdə qura bilmişik. 1998-ci ilin martın 26-da Azərbaycan dövlət başçısının vermiş olduğu fərman, soyqırımın 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin sərəncamları bu istiqamətdə müsbət işlərin görülməsinə ciddi təkan verdi. Azərbaycan tarixçilərinin dövriyyəyə cəlb etdiyi yenilənmələr də olur və bu istiqamətdə işlər gedir. Əminəm ki, soyqırımının dünyaya tanıdılması yönündə qurulan işlər öz nəticəsini verəcək. İkinci bir tərəfdən bizim düşmənimiz təəssüf ki, tarixboyu dayanmayıb, fürsət düşdükcə öz əməllərini həyata keçirib. Həyat da bunu göstərdi ki, onlar dəyişmirlər. Zaman fərqi ilə müqayisələr aparsaq görərik ki, ermənilər bir əsr əvvəl olduğu kimi indi də türk və müsəlmanlara qarşı düşmən mövqedədirlər. Onların özlərindən "qəhrəman", ideoloq seçdikləri Qaregin Njde vaxtilə öz təlimində deyirdi ki, sonuncu türk ka, kor, lal olsa belə öldürülməlidir. Bu tezislə 1905-06-cı illərdə, 1918-20, 1948-53 və nəhayət 80-ci illərin sonlarında Qərbi Azərbaycanda dədə-baba torpaqlarından qovulan, Qarabağda didərgin salınan azərbaycanlılara qarşı xüsusi qəddarlıqlarla cinayətlər həyata keçirildi. 44 günlük müharibə zamanı döyüş bölgəsindən xeyli uzaqda olan Gəncə, Bərdə sakinlərinə qarşı qırğın siyasəti həyata keçirildi. Yəni bu dəyişməyən erməni xislətidir”.

1918-ci ildən sonra azərbaycanlıların müdrik xalq olaraq erməni məkrinin mahiyyətini dərk etdiyini deyən Anar İsgəndərov artıq soyqırımını fərqli əhvalda anacağımızı söylədi:

“Dövlət başçısı da xüsusi olaraq qeyd edib ki, gələcəkdə Ermənistanla münasibətlərin hansı şəkildə olmasından asılı olmayaraq biz tarixi həqiqətləri heç vaxt yaddan çıxarmamalı, reallıqları unutmamalıyıq. Bu, Azərbaycanın dövlət başçısının sözü və tapşırığıdır. Azərbaycan tarixçiləri də yazmış olduğu bütün əsərlərdə bu istiqamətdə uğurlu addımlar atırlar və atacaqlar. İlk dəfədir ki, 2021-ci ilin 31 mart soyqırımı qurbanlarını yad edərkən bədbin ruhda yox, qalib ruhda, nikbin notlarda soyqırımı gününü qeyd edirik. Artıq 1918-ci ildə şəhid olan həmin azərbaycanlıların da ruhu şad oldu. Çünki biz yalnız Xocalı şəhidlərinin deyil, 31 mart soyqırımı qurbanlarının da intiqamını almışıq. Həmin vəhşiliklərlə qətlə yetirilmiş dinc sakinlərin, azərbaycanlıların qanı yerdə qalmadı. Onlar da Vətən, torpaq üçün şəhid olmuşdular. 200 il ərzində yaradılmış erməni mifinə, Qərbin, çar və Sovet Rusiyasının müdafiə etdiyi erməni yalanlarına son qoymuş olduq. Bəli, bu gün yalnız müharibə zamanı öldürülən şəhidlərimiz deyil, ümumilikdə erməni vəhşiliklərinin qurbanı olmuş hər bir azərbaycanlının ruhu şaddır. Üzərimizə düşən missiyanı uğurla yerinə yetirmişik. Azərbaycan əsgəri tarix yazaraq soyqırımında şəhid olanların qanını yerdə qoymadı.

Qısası, 31 mart soyqırımı tarixin acı dərsi idi və nə zaman ki, tarixi unudursan, unutqan olursan, o zaman sənin faciən çox olur. Biz müstəqilliyimizin bu illərində artıq unutqanlıqdan imtina edib, tarixi təfəkkürə yiyələnərək həqiqtələri dünyaya bəyan etdik. Dövlət başçısının dediyi kimi biz Qarabağ məsələsini tarixiliyini dünyaya bəyan etməklə öz torpağımızın sahibi ola bildik”.

Tural Tağıyev
Azvision.az


Teqlər: 31-Mart   Soyqırımı  






Xəbər lenti