“Belə davam edərsə, xəstəxanalar yüklənəcək” - Həkim

 “Belə davam edərsə, xəstəxanalar yüklənəcək” -  Həkim
  02 Aprel 2021    Oxunub:3907
Mövsümi xroniki xəstəliklərə yaz və payız fəslinin sonlarında daha çox təsadüf edilir. Geyim formasının düzgün seçilməməsi, havaların tez-tez dəyişməsi insanlar arasında soyuqdəymə xəstəliklərini artırır. Bununla yanaşı, pandemiyanı öndə tutmaq lazımdır. Diskomfort hiss etdikdə COVID-19 olub-olmamağı dəqiqləşdirmək üçün test vermək lazımdır.
Bunu Azvision.az -a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, bu dövrdə qidalanmaya, fiziki aktivliyə, təmiz havada gəzməyə ciddi fikir vermək lazımdır.

“Karantin davranışlarına ciddi əməl edilməlidir. Maska taxılması, məsafə gözlənilməsi, əllərin dezinfeksiyası vacibdir. Orqanizmin immun sistemini güclü saxlamaq lazımdır. “Fast food” və digər zərərli qidalardan imtina edilməli, meyvə-tərəvəz daha çox qəbul edilməlidir”.

A.Qeybulla qeyd edib ki, gündəlik koronavirusa yoluxma sayının artması ilə əlaqədar xəstəxanalara müraciət edənlərin sayı çoxalır.

"Ölkə üzrə 40 min civarında çarpayı fondu var. Hələlik, xəstəxanalar yüklənməyib, amma belə davam edərsə, xəstəxanalar yüklənəcək. Əgər COVID-19 xəstələri evdə müalicə alırsa, diqqətli olmalıdır. Evdə müalicə həkim nəzarətində aparılmalıdır. Özünü müalicə, qonşulara, qohumlara yazılan resept olmamalıdır. Ambulator müalicə zamanı saturasiya düşərsə, vəziyyət pisləşərsə, belə xəstələr təcili yardımla stasionarda yatırılmalıdır. Ambulator və stasionar müalicə arasında həkim sayəsində əlaqə olmalıdır”.

Həkim, həmçinin COVID-19-dan ölümlərin çoxunun evdə müalicənin düzgün təşkil edilməməsi nəticəsində baş verdiyini deyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Müalicə  






Xəbər lenti