“Azərbaycan ilk gündən Qoşulmama Hərəkatında aktivlik nümayiş etdirdi”

 “Azərbaycan ilk gündən Qoşulmama Hərəkatında aktivlik nümayiş etdirdi”
  06 Aprel 2021    Oxunub:3769
Xatırlayırsınızsa, 3 il əvvəl aprelin 3-dən 6-dək Azərbaycan böyük beynəlxalq tədbirə ev sahibliyi etmişdi. Belə ki, 2018-ci ildə Bakıda Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransı keçirilmişdi.
Həmin dövrdə konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra məsələlərə toxunmuşdu ki, bunlardan biri də Qarabağ problemi idi. Artıq həmin vaxtdan 3 il keçir və Azərbaycan haqq-ədaləti bərpa edərək Dağlıq Qarabağ münaqişəsinə son qoyub.

Ölkə başçısının konfrans zamanı Qarabağla bağlı verdiyi mesajlar tamamilə icra olunub. Əlbəttə, Qoşulmama Hərəkatına üzv ölkələr 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana açıq şəkildə dəstəklərini ifadə edərək, ölkəmizlə həmrəy oldular. Təbii ki, bu da Azərbaycanın beynəlxalq müstəvidə növbəti diplomatik üstünlüyündən, eyni zamanda rəsmi Bakının 120-dən çox ölkəni birləşdirən təşkilata uğurlu sədrlik missiyasından irəli gəlir.

Politoloq Tofiq Abbasov mövzu ilə bağlı Azvision.az-a şərhində bildirib ki, BMT-dən sonra ən böyük platformalardan olan Qoşulmama Hərəkatı çox vacib tribunadır. Bu hərəkata qoşulan bir çox dövlətlər var ki, onların keçmişdə böyük problemləri olub, elə indi də bəzi ölkələr ərzaq, ərazi məsələsi və digər ciddi problemlərlə üz-üzədirlər:

“Həmin ölkələrin rəhbərləri çalışırlar ki, belə problemləri həll edə bilsinlər. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatına Azərbaycana qədər Venesuela sədrlik edirdi, o zaman platformanın elə də aktiv görünmədiyini xatırlayarıq. Bu ölkə hər zaman ciddi sıxıntılar yaşayıb. Neçə illərdir ki, ABŞ ilə Venesuela arasında böyük gərginlik hökm sürür. Faktiki olaraq Venesuela rəhbəri Maduronun normal fəaliyyət göstərməsinə böyük maneələr törədilirdi. Yəni o, faktiki olaraq özünün milli məsələlərinə, milli gündəliyə köklənmişdi. Maduro, hətta Azərbaycan Prezidentinə də bildirmişdi ki, Azərbaycan təşkilat çərçivəsində daha fəal, məqsədyönlü şəkildə fəaliyyət göstərərək ortaya rasional nəticələr qoyacaq. Bu həqiqətən də belə idi. Çünki onu işləməyə qoymurdular, ölkə daxilində hərc-mərclik yaratmaq istəyənləri kənar qüvvələr qidalandırırdı. Çalışılırdı ki, Venesuelada hakimiyyət dəyişikliyinə nail olunsun. Ancaq bu da alınmadı. Bütün bunları ona görə yada saldım ki, bu amillər Maduronun platformadakı məsələlərdə ləng tərpənişinin əsas səbəblərindən idi. Amma Azərbaycan faktiki olaraq ilk gündən aktivlik nümayiş etdirdi”.



Politoloq xatırladıb ki, pandemiya başlar-başlamaz artıq Azərbaycan dövləti bu platformadan çox böyük məharətlə istifadə etməyi bacardı. Ölkəmiz bəyan etdi ki, hazırda dünyada ədalətsizlik hökm sürür, iqtisadi əlaqələrin kəsilməsi və ya səngiməsi dövründə bəzi dövlətlərə yardım göstərilməsi lazımdır:

“Onsuz da rəsmi Bakı 40-a yaxın dövlətə öz təşəbbüskarlığı nəticəsində donorluq etmişdi. Asiya, Cənubi Amerika dövlətləri və digər ölkələrə aktiv donorluq edirdik ki, bu insanlara, başqa xalqlara bir növ şans verək. Şans verək ki, həmin ölkələr öz dərin problemlərinin öhdəsindən gələ bilsinlər, inkişaflarını gücləndirsinlər. Biz gördük ki, faktiki olaraq istənilən tribunadan effektli şəkildə istifadə etmək olar. Sadəcə olaraq baxır təşəbbüskarlığı kim ifadə edir, problemlərin həllini necə görür və konkret həll yollarını təqdim edir. Bu baxımdan Azərbaycan Prezidenti çox yüksək pilotajlıq nümayiş etdirdi. Dövlətimizin Qarabağ məsələsi ilə bağlı məhz həmin platformadan uyğun formada istifadə etməsi də ondan irəli gəlirdi ki, dünya birliyi reallığı bilsin. Təbii ki, Avropa dövlətləri başqa havadadırlar, onlar həqiqəti görə-görə inkar edirlər. Amma “üçüncü dünya”nın məmləkətləri artıq Azərbaycanın sözünü eşidib anladılar. Onlar gördülər ki, biz doğru yoldayıq, həqiqət Bakının tərəfindədir. Azərbaycan əsgəri öz torpaqlarında mübarizə aparır ki, tarixi ərazilərini işğaldan azad edə bilsin”.

Müharibə günlərində BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsi, ümumilikdə qarşıdurmaya dair xüsusi toplantı keçirdiyini diqqətə çatdıran politoloq burada ölkəmizin maraqlarına zidd olan qətnamənin qəbul edilməməsini Qoşulmama Hərəkatındakı effektli fəaliyyətin nəticəsi kimi qiymətləndirir:

“Toplantıda Qoşulmama Hərəkatını təmsil edən ölkələrin böyük dəstəyini gördük. Düzdür, ilk addım Britaniyadan gəldi. Bildirildi ki, Azərbaycan heç bir beynəlxalq qanuna zidd addım atmır. Ancaq daha təpərli mövqeni məhz Qoşulmama Hərəkatının ölkələri göstərdilər. Bu isə ondan xəbər verir ki, dövlətimizin siyasəti, Prezident İlham Əliyevin uğurlu diplomatiyası bütün platformaları prosesə ona görə yönəltmişdi ki, dövlətlər, xalqlar, onların siyasi elitaları 30 ildən artıq davam edən problemin məğzini anlasınlar. Hər kəs bilsin ki, Azərbaycanın heç kimin torpağına iddiası yoxdur. Əksinə, iddialar bizə qarşıdır, müharibə qanuni torpaqlarımızda gedir və ən böyük zərərçəkən dövlət Azərbaycan sayılır. Prezidentin Qoşulmama Hərəkatı çərçivəsində tutduğu uğurlu siyasi xətt, onun diplomatiyası sözün həqiqi mənasında çoxfunksional tərzdə özünü ifadə etdi. Ümumiyyətlə, nəinki bu platforma çərçivəsində, uzun illər yürüdülmüş məqsədli siyasət nəticəsində dünya birliyi artıq hazır idi ki, müharibə vaxtı Azərbaycanı eşitsin və ölkəmizi dəstəkləsin. Biz də bu dəstəyin gəlməsində çox gözləməli olmadıq. Bu, böyük uğur idi”.

Tural Tağıyev
Azvision.az


Teqlər: QoşulmamaHərəkatı  






Xəbər lenti