“Paşinyanın hakimiyyətdə qalması yekun sülh prosesini sürətləndirə bilər” - Politoloq

 “Paşinyanın hakimiyyətdə qalması yekun sülh prosesini sürətləndirə bilər” -   Politoloq
  22 May 2021    Oxunub:3491
“Əgər Nikol Paşinyan hakimiyyətdə qalsa və Azərbaycanla yekun sülh danışıqlarına getsə, həmçinin danışıqlar nəticəsində konsensus əldə edilərsə, bu, hər iki tərəf üçün tarixi uğur kimi qəbul edilə bilər”.
Bunu Azvision.az –a açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Ermənistana ünvanladığı çağırışlar İrəvan üçün son şans kimi qiymətləndirilməlidir:

“Dövlət başçısı cənab İlham Əliyevin "Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır. Biz ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu məsələ ilə bağlı daha çox aydınlıq olacaq. Sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq" ifadələrini işlətməsi İkinci Qarabağ müharibəsindən sonra regionda baş verən proseslərin ümumilikdə Azərbaycan üçün faydalı olduğunu göstərir.

Prezidentin açıqlamasından belə qənaətə gəlmək olar ki, Ermənistandakı mövcud Paşinyan hökuməti pərdəarxası danışıqlarda Azərbaycanla razılığa gəlmək niyyətindədir. Şübhəsiz ki, 4 həftə sonra bu ölkədə baş tutacaq seçkilər Ermənistan-Azərbaycan arasında yekun sülh prosesi üçün vacib əhəmiyyətə malikdir. Hesab edirəm ki, Ermənistanda hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hakimiyyətdə qalması yekun sülh prosesini daha da sürətləndirə bilər”.

Politoloq onu da vurğulayıb ki, tərəflər arasında yekun razılaşma əldə edilsə, həm Bakı, həm də İrəvan üçün faydalı olacaq.

“Bu, tarixi uğur olar. Çünki birincisi, Ermənistanın ərazi iddiaları aradan qalxar. İkincisi, ölkələr arasında iqtisadi əlaqələr qurular və 1988-ci ilə qədər Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın öz doğma torpaqlarına qayıtmaq şansı yaranar. Üçüncü məqam kimi regionda daimi stabillik və qalıcı sülh əldə edilə bilər. Fikrimcə, bütün bu qeyd edilənlərin reallaşması üçün Azərbaycanda kifayət qədər iradə mövcuddur. Regionda qalıcı sülhün əldə edilməsi üçün Azərbaycan tərəfi dövlət maraqlarını qoruma şərti ilə bu addımları ata bilər. Bölgədə baş verməsi ehtimal olunan bu proseslər Azərbaycanın uzunmüddətli xarici siyasət strategiyasına da uyğun olar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sülh   Paşinyan  






Xəbər lenti