"Mina xəritələrinin alınması məskunlaşmanı sürətləndirəcək"- Vüsal Qasımlı
“Bu yolla minalardan təmizlənməyə gedəcək vaxta qənaət edirik, itkiləri minimuma endiririk və inam yaratmaqla investorların təşviqini sürətləndiririk”,-deyə Vüsal Qasımlı bildirib.
V.Qasımlı deyib ki, mina xəritələrini Azərbaycana təqdim etməklə Ermənistan ərazilərin minalanmasına çəkilən yüz milyonlarla xərcin səmərəsiz olduğunu bir daha başa düşdü: "Eyni zamanda, beynəlxalq metodologiyalar əsasında hesablamalar göstərir ki, minalardan təmizlənməyə sərf olunan resurslar, minalanma üçün xərcləri dəfələrlə üstələyir. Məsələn, Bosniyada 1996-2000-ci illər aralığında hər kvadratmetr ərazinin təmizlənməsi xərci 3 manat dəyərində, 1997-ci ildə Xorvatiyada 5,1 manat dəyərində olmuşdur. Başqa hesablamalar da var. Beləliklə, mina xəritələrini diplomatik vasitə ilə almaqla Azərbaycan bu istiqamətdə çəkəcəyi xərcləri və verə biləcəyi insan və digər itkiləri aradan götürmüş olur”.
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki ən böyük yaşayış məntəqəsi Ağdam və Füzuli, eləcə də Zəngilanın mina xəritələrinin əldə edilməsi, bu bölgələrdə iqtisadi quruculuq və məskunlaşma prosesini sürətləndirir.
V.Qasımlı bildirib ki, mina xəritələrini əldə etməklə, Azərbaycan həm də Qarabağda nəqliyyat-logistika layihələrini də daha sürətlə reallaşdırmaq imkanı qazanır: “Ağdam, Füzuli və Zəngilan hər bir biri nəqliyyat coğrafiyasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın növbəti diplomatik nailiyyəti bölgədə davamlı inkişaf, sülh və etimadın yaranması üçün vacibdir”.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


