Ukraynalı pilot Türkiyədəki gecə əməliyyatlarından danışdı- FOTOLAR(VİDEO)

   Ukraynalı pilot Türkiyədəki gecə əməliyyatlarından danışdı-   FOTOLAR(VİDEO)
  07 Avqust 2021    Oxunub:3196
Türkiyədə genişmiqyaslı meşə yanğınları davam edir. Ankara Azərbaycanla yanaşı Ukraynadan da aktiv dəstəy aldı. Kiyev əvvəlcə iki yanğınsöndürən təyyarə göndərsə də, sonradan 4 helikopter və elit heyətini Türkiyədəki yanğınlarla mübarizəyə cəlb etdi.
Ukraynalı pilotların qardaş ölkədəki fəaliyyətləri isə özünəməxsusluğu ilə seçilir. Onlar yanğınların davam etdiyi dağlıq ərazilərdə gecələr də əməliyyatlar həyata keçirirlər və burada bir sıra yeniliklər tətbiq edilir. Ukrayna mediasının yazmasına görə, bu cür əməliyyatlar Avropa ölkələrində ilk dəfədir ki, həyata keçirilir.

Azvision.az xəbər verir ki, hazırda Türkiyədə olan aviasiya qrupunun rəhbəri Yuri Storojenko əməliyyatların təfərrüatları barədə Ukrayna mediasına danışıb.

Ukrayna Türkiyəyə 4 helikopter və elit heyət göndərdi- FOTOLAR
"Gündüzlər aparılan yanğınsöndürmə işləri gecədən əhəmiyyətli dərəcədə fərqlənir. Gecə əməliyyatları bəzi parametrlərə görə daha çox effekt verir. Gecələr dağlarda külək əsir və alovun yayılması yavaşlayır. Bu gecə effekti atmosferin "sakitləşməsi" yanğının başlandığı yerdə dayandırmağa imkan verir. Gecəgörmə cihazlarından istifadə isə gün ərzində aşkarlanması mümkün olmayan ən kiçik yanğın nöqtələrini belə görməyə imkan verir. Gecələr bu cür kiçik yanğınları hətta sıx ağac yarpaqlarının altında görmək olar”, - əməliyyatlarda birbaşa iştirak edən Yuri Storojenko söyləyib.



Onun sözlərinə görə, gündüzlər tüstünün istiqamətini külək təyin edir ki, burada da alov mərkəzlərini müəyyən etmək çətinləşir. Bu səbəbdən də aviasiyadan suyun buraxılması 30-40 metr məsafədən baş verə bilər. Belə əməliyyat isə istənilən effekti vermir. Gecələr isə suyun effektiv atılması, dəqiqlik artır:

"Alovlara davamlı təsir etmək də vacibdir. Xüsusən də yanğın yaşayış yerlərinə yaxınlaşanda, əməliyyatları dayandırmırıq, günün vaxtından asılı olmayaraq alovlara təsir göstərməyə davam edirik".



O, təhlükəsizliklə bağlı tədbirlər kompleksinin, xüsusən də ərazidə kəşfiyyat işlərinin aparılması, yanğınsöndürmə əməliyyatının diqqətlə planlaşdırılması, yüksəkliklərin və relyefin qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.

"Məsələn, yerüstü maneələr problemini gündüz əlavə kəşfiyyat tədbirləri vasitəsi ilə həll edirik. Potensial maneələr axtarırıq. Əgər varsa, müəyyənləşdirdiyimiz nəticələri ekipaj üzvlərinə çatdırırıq. Marşrutları hazırlayır, yanğınlar olan bölgədə nəqliyyat sxemlərini qururuq”,- qrup komandiri əməliyyatın gedişini izah edib.



Onun sözlərinə görə, bölgədə son sutka ərzində daha 110 yanğın ocağı qeydə alınıb və meşə yanğınlarının nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin heç bir iş görməmək yanğının daha da sürətli yayılmasına və ciddi zərərlərə səbəb olmasına gətirib çıxarar. Bu mənada Ukrayna helikopterləri gecə -gündüz demədən yanğınların söndürülməsində iştirak edirlər .



Hazırda Türkiyənin Kənd Təsərrüfatı və Meşəçiliklə bağlı aidiyyəti dövlət qurumlarından xüsusi qrupları da ukraynalı pilotlarla bərabər çalışırlar. Storojenko türklər tərəfindən yüksək səviyyədə təşkilatlanma işlərinin aparılmasını ukraynalı pilotların işinə kömək etdiyini bildirib.



Bu arada, "Ukrayna helikopterləri" şirkətinin yaydığı məlumata görə, son sutka ərzində Türkiyədə 93 su atımı həyata keçirilib ki, bu da 279 ton edir.

Qeyd edək ki, bu özəl aviaşirkətin helikopterləri və ixtisaslaşmış xüsusi ekipajları Ukrayna Prezidentinin Türkiyəyə yardımla bağlı təşəbbüsünü dərhal dəstəkləyiblər. Onlar təşəbbüsə heç bir maliyyə ummadan qoşulublar. Şirkət Türkiyə yanğınları ilə mübarizəyə BMT-nin humanitar və sülhməramlı tədbirlərində axtarış və xilasetmə, aeromedik evakuasiya kimi yüksək riskli əməliyyatların aparılmasında xüsusi hazırlıq və geniş təcrübəyə malik olan modernləşdirilmiş, çoxfunksiyalı “Mi-8MTV-1” helikopterləri və elit heyəti cəlb edib.



Xatırladaq ki, iyulun 28-də Türkiyənin Antalya vilayətinin Manavqat bölgəsində irimiqyaslı meşə yanğınları başlayıb. Yanğın yüzlərlə hektar meşəni məhv edərək bir sıra yaşayış məntəqələrinin boşaldılmasına səbəb olub. Ümumilikdə isə Türkiyənin cənub və cənub-qərb zonalarında genişmiqyaslı yanğınlar baş verir.


Tural Tağıyev
Azvision.az



Teqlər:   Türkiyə   Yanğın   Ukrayna   Helikopter  



Xəbər lenti