Ukrayna Türkiyəyə 4 helikopter və elit heyət göndərdi- FOTOLAR

   Ukrayna Türkiyəyə 4 helikopter və elit heyət göndərdi-   FOTOLAR
  05 Avqust 2021    Oxunub:1480
Ukrayna Türkiyədəki genişmiqyaslı meşə yanğınları ilə mübarizə üçün dörd vertolyot göndərib. Azvision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edilir ki, Kiyev hazırda qarşısı alınmaz hala gələn yanğınlarla mübarizə aparan Türkiyəyə ən yaxşı pilot və xüsusi elit heyəti göndərib. Onlar dağlıq şəraitdə yanğınlarla mübarizə aparmaqda bənzərsiz bir təcrübəyə malikdirlər:

"Ekipaj vertolyotları ilə dərhal ölkənin cənub və cənub-qərbində tüğyan edən meşə yanğınlarına qarşı mübarizə əməliyyatlarına qoşulub. Türkiyəyə gələn dörd vertolyotdan ibarət xüsusi heyət, istənilən hava şəraitində, gecə və gündüz çalışa bilir, axtarış tədbirləri, yanğınların söndürülməsi üçün tapşırıqları uğurla yerinə yetirirlər ",- Ukraynanın Türkiyədəki səfirliyindən verilən məlumatda bildirilib.



NASA Türkiyədəki yanğınlarla bağlı görüntülər yaydı- FOTO
Helikopterlər İspartadakı hava limanında yerləşdiriliblər. Onlar özəl səhmdar cəmiyyət olan "Ukrayna Helikopterləri" aviaşirkətinə məxsusdur. Çoxməqsədli modernləşdirilmiş bu Mi-8-lər humanitar missiya yerinə yetirdiklərinə görə Türkiyəyə pulsuz gəliblər. "Ukrayna Helikopterləri" Avropa ölkələrinin aviaşirkətləri arasında dağlıq şəraitdə əməliyyatlar və xüsusi yanğın söndürmə əməliyyatları həyata keçirmək üçün icazəsi olan ilk şirkətdir.

Türkiyədə fəaliyyət göstərəcək Mi-8-lərdən biri yanğınsöndürmə əməliyyatları ilə yanaşı, ağır yanıqlar, müxtəlif xəsarətlər alan yaralılara yüksək səviyyədə yardım göstərmək üçün geniş imkanlara malikdir. Helikopter aerotibbi tədbirlər, reanimasiya evakuasiyaları həyata keçirə bilir. Hazırda bütün helikopterlər yanğınsöndürmə əməliyyatlarına cəlb olunublar.



Xatırladaq ki, iyulun 30 -dan etibarən Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin iki yanğınsöndürən təyyarəsi də Türkiyədədir.

Qeyd edək ki, iyulun 28-də Türkiyənin Antalya vilayətinin Manavqat bölgəsində irimiqyaslı meşə yanğınları başladı. Yanğın yüzlərlə hektar meşəni məhv edərək bir sıra yaşayış məntəqələrinin boşaldılmasına səbəb oldu. Ümumilikdə isə Türkiyənin cənub və cənub-qərb zonalarında genişmiqyaslı yanğınlar baş verir.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Türkiyə   Ukrayna   Yanğın   Helikopter  





Xəbər lenti