Yaxşı ki, Elçibəy tez getdi - Murad Köhnəqalanın yazısı

   Yaxşı ki, Elçibəy tez getdi -    Murad Köhnəqalanın yazısı
  23 Avqust 2021    Oxunub:6916
Deyirəm, Allah Elçibəyin üzünə baxdı, vəzifədən tez getdi. Onda Müstəqil Azərbaycan təzəcə xoda düşmüşdü. Təbii sərvətlərin xaricə daşınması üçün kontraktlar yenicə bağlanır, ölkədə kasıbçılıq olsa da, hələ insanların vətənpərvər damarının nəbzi vururdu. Ancaq hakimiyət qaldıqca xalq arasında narazılıq artır, real sosial problemlər romantik vətənpərvərliyi, dövlətçilik duyğularını üstələyirdi.
Aydan-aya Elçibəyin özü də hiss eləyirdi ki, nəsə düz getmir. Məsələn, o vaxtlar üçün xarakterik olan bir-iki epizodu xatırlatmaq istərdim. Yadımdadır, Saatlıda bütün sakinlər Cəbhənin rayon şöbəsinn sədri Şamil Hacıbəylinin icra başçısı təyin olunmasını arzulayırdılar. Nə qədər çalışdıq, vuruşduq, bu layiqli, saf, vətənpərvər adamı ora təyin etdirə bilmədik. Bütün Cəbhə bir yana oldu, Pənah Hüseyn-Arif Hacılı cütlüyü bir yana. Axırda pulunu alıb, Mikayıl adlı bir köhnə kommunisti, "moşenniki" rayona başçı qoydular. Ancaq camaat yenə də Cəbhənin rayon təşkilatına gəlib, öz şikayətini, problemini Şamilə söyləyirdi.

Yaxud, bizim Tovuz rayonuna Elçibəyin hakimiyəti dövründə eyni zamanda iki nəfəri başçı təyin etmişdilər. Bu, bir dəhşət idi. Yəni Prezident Aparatında kimlərsə prezidentin adından sərəncam imzalaya bilirdi. Yadımdadır, əlində öz təyinatı haqda prezidentin sərəncamı olan Firuz Cəfərov rayona dönəndə görmüşdü ki, artıq bir başqası özünün möhürlü kağızı əsasında başçı kreslosunu zəbt edib. Belə canlı anekdotları çox görürdük. Beləcə, getdikcə hər şey qarışıb, xaosa dönürdü.

Çox şey demək olar, Elçibəyi sevənlərdən biri də mən olmuşam, onun üçun də, söhbəti çox uzadıb, köhnə palan içi tökmək istəmirəm. Yəni, mənim fikrimcə, xalqımızın nümayəndələri Elçibəyin düşündüyü qədər də asan, təmiz, tamahsız adamlar deyildilər, deyillər də! Feodal təfəkkürlü bir toplumun nümayəndələrini öz vicdanına, insafına, təfəkkürünə buraxmaq mümkün deyil. Bu gün də belədir. Məmurun başını buraxan kimi ağını çıxarmağa çalışır.

Söhbətin əvvəlinə qayıdaq. Artıq xırda və böyük məmurlar qanunun aliliyinə, Elçibəyin demokratiyasına dözüm gətirə bilmir, cırlaşırdılar. Maaşla kifayətlənmək istəmir, yavaş-yavaş ənənəvi rüşvət mexanizmini qururdular. Bütün bunları sezən Elçibəy televiziyada birbaşa yayımlanan bir iclasda belə dedi: "Bilirəm, rüşvət alırsınız, ancaq alanda heç olmasa, insafla alın!"

Nə isə. Elçibəy həmin məmurlardan canını qurtarıb getdi. Fərqi yoxdu, o, bir naziri çıxarıb, başqasını da qoyacaqdı, ancaq o başqası da əvvəlcə "insafla", sonra isə "insafsız"casına alacaqdı, qohumbazlıq edəcəkdi, ağnayacaqdı, dağıdacaqdı. Bunun simptomları da artıq qabarırdı, bir-birinə silah çıxartma, kəllə atmalar başlamışdı. Onda hələ ölkəyə neftin, qazın pulları axmamışdı! Bu qədər idarələr, müəssisələr işləmirdi, yəni məmurcuqlar az idi. Bilmirəm, təsəvvür edə bilirsinizmi, Elçibəyin hakimiyyəti, ölkəyə axan pullar və məmurlar! Nə oyunlardan çıxardılar! Ancaq hələ ki, harınlıq manevrləri eləməyə imkan kasadlığı vardı, kapital zəmini o zamanlar çox az idi.

Elçibəy “Hakimiyəti, komandasını qoyub Kələkiyə qaçdı" töhmətilə tarixə düşsə də, sən deyən, o qədər də nifrətlə yad edilmir. Sizi inandırım, Elçibəy hakimiyyətdə qalsaydı bütün tarix boyu onun məmurlarının neft pullarından necə harınladıqları, Elçibəyə necə şıllaq atdıqları, xalqa necə zülm etdikləri haqda söz-söhbətlər bitib-tükənməyəcəkdi.

Nə yaxşı Elçibəy nazirlər, məmurlar tərəfindən özünü biabır eləməmiş, tezliklə hakimiyətdən getdi! Məncə, Elçibəyi sevənlər buna sevinməlidir!

Murad Köhnəqala
Azvision.az üçün


Teqlər: Elçibəy  



Xəbər lenti