İlk rütbəsini Ulu Öndərdən almışdı... - Tehran Mənsimovun ad günüdür

 İlk rütbəsini Ulu Öndərdən almışdı... -  Tehran Mənsimovun ad günüdür
  24 Avqust 2021    Oxunub:7652
Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusununun keçmiş zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən Tehran Mənsimovun bu gün doğum günüdür.
Polkovnik 49 yaşını qeyd edir. İstər Birinci Qarabağ Müharibəsində, istərsə də Vətən Müharibəsi zamanı sonsuz şücaəti ilə tanınan hərbçi həmkarları və xalq arasında böyük sevgi qazanıb. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov həmkarının özəl günündə onunla bağlı xatirələrini bölüşüb.



- Tehran Mənsimov mənim birqadamın tərkibində Horadiz əməliyyatı zamanı bir zabit kimi döyüşüb. O, həmişə şəxsi heyət və zabitlər arasında bacarığı, qarşıya qoyulan tapşırığı yerinə yetirməsi, xidmətə olan münasibəti ilə seçilib. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dinləyicisi olub. O zaman mən akademiyanın rəsi müavini idim. Tehranın hərbə həvəsinin, öz üzərində işləməsinin, verilən tapşırıqları nümunəvi formada yerinə yetirməsinin şahidi olurdum,- deyir Ramaldanov.


Polkovnik ondan sonra müxtəlif vəzifələri daşıyıb. Və bütün vəzifələrini layiqincə yerinə yetirib. O, nümunəvi döyüşçü olmasını hələ Birinci Qarabağ Müharibəsində iştirakı zamanı göstərmişdi. Elə bu igidliklərinə görə də Heydər Əliyev ona kapitan rütbəsini vermişdi.
Tehran Mənsimovun “Şərq qapısı” qəzetinə müsahibəsindən:
- 1994-cü il Horadiz istiqamətində uğurlu əməliyyat aparıldı. Həmin dövrdə Ulu Öndərimiz xalqın tələbilə yenidən siyasi hakimiyyətə qayıtmışdı. 22 kənd, Horadiz qəsəbəsi uğurla müdafiə olunmuşdu. Bu uğurlu əməliyyatda iştirak edən 160 nəfərdən biri də mən idim. Baş leytenant kimi o əməliyyatdan sonra tabor komandirini əvəz edirdim. Dedilər ki, Ulu Öndər taborla görüşməyə gəlir. O zamanlar böyük kazarmalar yox idi. Kazarmaları işğaldan azad edilmiş komalar əvəz edirdi. Ulu Öndərimiz gəldi, hər birimizlə tək-tək görüşdü. Bizimlə çox səmimi şəkildə söhbət etdi, zarafatlaşdı, silahı əlinə götürüb, nişan almağı göstərdi. Məndən “rütbən nədir?” - soruşdu. Dedim “baş leytenant”. Dedi “bu gündən kapitansan”. Elə ilk rütbəmi də Ulu Öndərimiz verib.


-Tehran Vətən Müharibəsində xüsusi təyinatlı qüvvələrlə birgə bir çox igidliklərə imza atdı. O, həm birinci, həm də ikinci müharibəmizdə iştirakı ilə hərbimizə nə qədər gərəkli insan olduğunu göstərdi. Bu, onun həyat yolu və həyat prinsipidir. Tehranın qəhrəmanlıqları Vətəninə olan sədaqətdən irəli gəlir. Bu insan həyatı boyu belə prinsiplərlə yaşayıb. Bu gün az adam tapmaq olar ki, Tehran Mənsimovu tanımasın. 49 elə bir yaşdır ki, sən mütləq nəyəsə nail olursan. Onun nailiyyətləri ilə, Azərbaycan vətəndaşı və zabiti olması ilə qürur duyuruq. Bundan sonra Tehran Mənsimov harada olmasından və hansı vəzifəni daşımasından asılı olmayaraq, öz vəzifə borclarını layiqincə yerinə yetirərək nümunəvi zabit kimi qalacaq və bizim gənc hərbçilərimizə həyatı və xidməti ilə nümunə olacaq,- Ramaldanov söhbətimizə əlavə edir.


Mənsimov çox gözəl ailə başçısıdır. Evində vətənpərvər övladlar böyüdür. İnsani və dost münasibətlərinə dəyər verən hərbçimiz böyüklə böyük, kiçiklə kiçik kimi davranır. Bir sözlə, bizim mentalitetə uyğun olan bütün müsbət kefiyyətləri özündə tərbiyə edə bilən insandır. Onun haqqında bu gün şeir yazılır, mahnı oxunulur, qısametrajlı filmlər hazırlanır.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: TehranMənsimov   Polkovnik  



Xəbər lenti