Şəhid anası: "Şöhrət polis olmaq istəyirdi. Hələ kiçik yaşlarından oyuncaq tapançanı əlindən yerə qoymurdu. Deyirdi, polisin silahı üzərində olmalıdır. Ümumiyyətlə, oğlanlarımın üçündə də polislik peşəsinə böyük sevgi vardı. Özlərini qəhrəman kimi görürdülər”.

Şöhrət ürəyində arzuların qaynayıb-daşdığı bir məqamda Vətən Müharibəsi başlayır və o, qəhrəmanlıqları işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərmək üçün könüllü hərbi komissarlığa müraciət edir. Beləliklə, sentyabrın 29-dan müharibəyə qatılır.
- Döyüşlərdə böyük oğlum da iştirak edirdi,- deyir şəhidin anası,- Müharibə onun həqiqi hərbi xidmət dövrünə düşmüşdü. Şöhrət nə qardaşını, nə də Vətəni tək qoya bilərdi. Buna görə də öz istəyilə getdi. Füzulidə, Xocavənddə, Cəbrayılda döyüşlərdə iştirak edib. Ən son döyüş yeri isə Şuşa oldu. Atıcı idi. Yoldaşlarının dediyinə görə, Şuşa döyüşlərində çox sevinirmiş, deyirmiş, “qələbə bizimdir, torpaqlarımız azad olunur”.

- Oktyabrın 30-u doğum günü idi. Ona zəng etdim, dedim, "bala gələ bilsəydin, heç olmasa, ad günü keçirərdik". Dedi, "yox, mən çox uzaqdayam…" Bununla da sağollaşdıq. Şöhrətlə son danışığımz noyabrın 6-da oldu. Ondan sonra telefonuna zəng çatmadı. Ürəyimə dammışdı ki, balamı itirəcəyəm. Noyabrın 10-da hamı sevinəndə, bayram plovu bişirəndə mənim boğazımdan heç nə keçmədi. Hamı zəng edib ailəsini təbrik edirdi… Amma mənim oğlumdan xəbər yox idi. Sən demə, balam noyabrın 8-də Şuşa döyüşlərində həlak olubmuş. Tank üstlərinə gəlirmiş, onun atəşinin dalğasına düşüb. Dalğa onu yuxarı qaldırıb, yerə çırpıb. Kəllə-beyin travması alıb, qarın nahiyəsindən yaralanıb. Qan itirməsi çox imiş, həyatını qurtara bilməyiblər.

Hələ uşaqlıqdan polis olmaq istəyən Şöhrət döyüşlərdə imkan tapanda anasına zəng edirmiş. Zarafatla deyirmiş: “Mən müharibə iştirakçısı, veteran adamam, polis orqanlarına asanlıqla qəbul edəcəklər. Öz maşınımı balaca qardaşıma verib, təzəsini alacağam”.
Şəhid anası: ”Ürəyində erməniyə qəzəb var idi. Xocalı soyqırımı heç yadından çıxmırdı. Mən onu saxlaya bilməzdim, o, müharibəyə mütləq gedəcəkdi. Oğlanlarımın üçü də dünyaya qəhrəmanlıq etmək üçün gəliblər sanki. Müharibə dövründə Gəncəyə raket atılanda 16 yaşlı balaca oğlum dedi, "mən də döyüşməyə gedirəm". Dedim, "yaşın düşmür, sənin müharibədə nə işin var?" Cavabı belə oldu: "Bəs qardaşlarım haradadır? Onlar da müharibəyə gediblər də".
Hamının yaxşı tanıdığı şəhidimiz Xudayar Yusifzadə də mənim bacımın oğludur.
Şöhrət Əliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.



Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


