Daha sonra iştirak etdiyi tədbirin hədsiz xoşuna gəldiyini deyən qəhrəman övladı – “Bu gün hiss etdim ki, atam da mənə göylərdən baxır. Tək atam yox, burda olan bütün uşaqların ataları biz görməsək də bizim yanımızdadırlar. Bu gün yenə hiss etdim ki, mənim atam əsl qəhrəmandır. Burdakı bütün uşaqların ataları qəhrəmanlardır” – dedi. O, atasıyla fəxr etdiyini deyərək, ona layiq övlad olacağına söz verdi.
Tədbirdə çıxış edən “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, bütün qurumlar tərəfindən qəhrəman şəhidlərimizin bizə əmanət etdiyi ailələrinin daim diqqət və qayğı ilə əhatələndiyini bildirdi. Çıxışının sonunda Cəlal Qurbanov “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirlərinin bununla da artıq Bakı ərazisində yekunlaşdığı və növbəti tədbirlərin Azərbaycanın digər regionlarında keçirilməsinin planlaşdırıldığı haqqında məlumat verdi.
Daha sonra şəhid övladları nəhəng Azərbaycan bayrağını açaraq sevimli sənətkarlarımız Alim və Fərqanə Qasımovlar, Zülfiyyə Xanbabayeva ilə birlikdə “Zəfər marşı”nı ifa etdilər. “Zəfər marşı”nın ifası zamanı şəhid övladları içində atalarına yazdıqları məktublar olan dilək şarlarını havaya buraxdılar.
Qeyd edək ki, “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün keçirilir. Tədbirlərin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.
Bu zamana qədər Bakı şəhərinin ən görkəmli yerlərində, tarixi məkanlarında həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirlərində Azərbaycanın bir sıra tanınmış incəsənət xadimləri, o cümlədən, Alim və Fərqanə Qasımovlar, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Röya Ayxan, Sevda Ələkbərzadə, Natiq Şirinov, Təranə Muradova, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, aparıcılar Nərgiz Cəlilova, Leyla Quliyeva, Lalə Azərtaş, Xalq artisti Rasim Balayev, millət vəkili Arzu Nağıyev, din xadimi Hacı Şahin Həsənli iştirak edib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


