Dəvənin duz dalınca getdiyi mağaradan reportaj - FOTOLAR+VİDEO

 Dəvənin duz dalınca getdiyi mağaradan reportaj - FOTOLAR+VİDEO
  10 Noyabr 2021    Oxunub:3114
Mən uşaq olanda kimsə bibimi əl yandımda axtaranda deyirdi: Dəvəni nə üçün çağırarlar? Ya Ərdəbilə düyü, ya da Naxçıvana duz dalınca göndərəcəklər. O vaxtlar bu məsəlin mənasını anlaya bilmirdim. Ancaq sonralar şahın dəvəni çağırması və onu yük dalınca göndərməsi ilə bağlı hansı əhvalatın olduğunu öyrəndim.
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzinə jurnalistlərin mediaturu zamanı isə dəvənin niyə duz dalınca məhz Naxçıvana getməsinin cavabı aydın oldu... Duzun qoxusu insanın burnunu mərkəzin elə girişindəcə göynədirdi. Orada çalışanlar maskalarımızı çıxarmağı və dərindən nəfəs almağımızı məsləhət gördülər. Yarı işıqlı və kəskin duzqoxulu mağaraya alışmaq asan deyildi.



Yer altındakı müalicə mərkəzi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. Dərinliyə doğru addımladıqca buranın havasına nisbətən öyrəşirsən və ətrafın gözəlliyinə nəzər sala bilirsən. Sanki başqa bir dünyada idik. Hara baxırdıqsa özümüzü duzlu dağın əhatəsində görürdük. Burada havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstəxanada rütubətin səviyyəsini normal saxlayır.



...Beləliklə, ətrafa heyranlıqla baxa-baxa dəhlizi adlayıb palataların yerləşdiyi hissəyə çatırıq. Mərkəzdə iki qadın, iki kişi, bir uşaq palatası var. Eyni zamanda iki istirahət foyesi fəaliyyət göstərir. Allergik xəstəliklərdən əziyyət çəkənlər, xüsusəndə bronxial astması olanlar bura üz tuturlar.



Müalicə( elmdə spleoterapiya adlanır) Ukraynanın Ujqorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Xəstələr əvvəlcə 2-3 gün xəstəxana ərazisinə adaptasiya olunurlar. Bundan sonra saat axşam 18:00-dan səhər saat 8:00-dək böyüklər 20-24 seans,10 yaşına qədər uşaqlar isə günorta saatlarında 14-18 seans yeraltı şöbədə olurlar.



Mərkəzdə çalışan alerqoloq Nizami Şahtaxtinski deyir ki, mərkəzdə natri xlor ionları dünya mağaralarındakından daha çoxdur. Bu da alergik xəstəlikləri olanlara çox yaxşı təsir göstərir, bəlğəm gətirir.

“Ürək əməliyyatı keçirənlərə, mədə yarası və ya şəkər xəstəliyi olanlara bura gəlmək olmaz. Pis təsir edə bilər.

Pandemiyaya qədər il ərzində 3000-4000 arası xəstə qəbul edirdik. Dünyanın 20 ölkəsindən bura pasiyent gəlib. Xəstələr burada tək yataraq müalicə almırlar. Ehtiyac olarsa, döş qəfəsinin masajı, müalicə gimnastika edilir və bəzi dərmanlar təyin edilir. Bəzən adamlar olur ki, düzgün müalicə almayıblar və ya hormonal dərmanı qaydasında qəbul etməyiblər. Biz onlara da müalicədə kömək edirik.

Kimdəsə mövsümü xəstəlik varsa, onların həmin mövsümdən 15-20 gün əvvəl gəlməsi məsləhətdir. Boğulma, öskürək halında gəlinməsi məsləhət deyil. Üç yaşına qədər uşaqları bura gətirmək olmaz”.



Duzdağda hava özü sirkulyasiya edir. Heç bir havalandırma sistemi yoxdur. İnsan yerin 150 metr dərinliyində nəfəs aldığını qəti şəkildə hiss etmir. Yüksək təzyiqi olanlar, böyrək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlər burada müalicə ala bilməzlər.

Mərkəzə Fransadan, Rusiyadan, Qazaxıstandanvə bir çox ölkələrdən pasiyentlər gəlir. Balaca uşaqların bir günlük bir neçə saatlıq müalicəsi 5 manata, böyüklərinki isə 10 manata başa gəlir.

...Sakit, yarı işıqlı, hər yanı bəyaz olan mağaranın pasiyentlərini yormadan gəldiyimiz yol ilə də bu möcüzəli yerdən uzaqlaşırıq.













































Şahanə Rəhimli

AzVision.az


Teqlər: Duzdağ   Naxçıvan  



Xəbər lenti