Rusiyaya ixrac icazələri AQTA-nın zəmanəti ilə veriləcək

   Rusiyaya ixrac icazələri AQTA-nın zəmanəti ilə veriləcək
  22 Noyabr 2021    Oxunub:1052
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ilə aparılan danışıqlar nəticəsində Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb.
AzVision.az xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli bitki sağlamlığı ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, əldə olunmuş razılığa əsasən, pomidor istehsalı təsərrüfatlarında ixrac icazəsinin alınması məqsədilə Rusiya tərəfindən aparılan videomonitorinqlər dayandırılır və cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə “Rosselxoznadzor”un ixrac icazəsi birbaşa AQTA-nın zəmanət məktubuna əsasən veriləcək:

“Həmçinin aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək, Rusiyaya ixrac zamanı fitosanitar nəzarəti baxımından yaşıl dəhlizə salınması təmin olunacaq.
Əldə edilən razılığa görə, cari il dekabr ayının 1-dən ixrac olunan bitkiçilik məhsullarının hər partiyasının virus və bakteriya mənşəli xəstəliklərə görə yoxlanılması dayandırılmaqla AQTA mütəxəssisləri tərəfindən təsərrüfatlarda həyata keçirilən monitorinqlər və ilkin laborator ekspertiza nəticələri yetərli hesab ediləcək. Bu, sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alacaq.
Aparılmış danışıqlar nəticəsində dəmir yolu vasitəsilə pomidor və alma məhsullarının daşınmasının 2022-ci il aprel ayının 1-dək uzadılmasına baxmayaraq, AQTA tərəfindən həyata keçirilən fitosanitar tədbirləri nəzərə alınaraq, həmin müddət Azərbaycan tərəfindən təqdim edilən zamanadək artırılacaq. Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin bitki mənşəli məhsulların beynəlxalq standartlara cavab verən konteynerlər vasitəsilə daşınmasını təmin etməyə imkan verəcək”.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında sərhəddə müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə cari il dekabr ayının 1-nə qədər qurumların sədr müavinləri səviyyəsində Dağıstan Respublikasının “Yaraq-Kazmalar” keçid məntəqəsində görüşlər keçiriləcək.

Ayt
Zəhra
AzVision.az



Teqlər: AQTA   Pomidor  



Xəbər lenti