"Qadına şiddətə son" mövzusunda dəyirmi masa keçirilib

"Qadına şiddətə son" mövzusunda dəyirmi masa keçirilib
  25 Noyabr 2021    Oxunub:806
Qadın Zorakılığına Qarşı Mübarizə Günü ilə əlaqədar noyabrın 25-də Heydər Əliyev Mərkəzində “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Ombudsman Aparatı, Təhsil Nazirliyinin rəsmi tərəfdaşlığı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qadına şiddətə son” mövzusunda dəyirmi masa keçirilib.
AzVision.az xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxış edən “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bildirib ki, hər il dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilən bu gün vasitəsilə cəmiyyətin ən böyük bəlalarından biri olan qadına qarşı zorakılığın qarşısının alınmasına, qadınların öldürülməsi, döyülüb-söyülməsi, mənəvi-fiziki şiddət görməsinə diqqət çəkməyə, sosial səfərbərlik yaratmaqla bu problemin həlli yollarının tapılmasına, problemin həll edilməsinə kömək göstərməyə çalışırıq. Dünyada hər il zərif cinsin neçə-neçə nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər. Belə problemlərin yaranmasının qarşısının alınması hazırda əsas vəzifələrdən biridir. Bu gün ölkəmizdə dövlət tərəfindən bu istiqamətdə bir sıra tədbirlər görülür, maarifləndirici layihələr həyata keçirilir.

Ombudsman Səbinə Əliyeva bu cür tədbirlərin keçirilməsinin problemlərin aradan qaldırılması üçün vacib olduğunu qeyd edib: "Gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların hər cür hüququn təmin edilməsidir. Azərbaycanda qadın hərəkatın formalaşmasında Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev vurğulayıb ki, cinayətin zərəri cəmiyyətə vurduğu ziyanla ölçülür: "Problemlərin həll edilməsi üçün DİN tərəfindən işlər aparılır. Əsas diqqət daha çox maariflənmə istiqamətinə yönəlib. "102" Qaynar xətt mərkəzinə cari ildə 432 713 məlumat daxil olub, onlarda 7 647-si ailə münaqişəsi, məişət zorakılağı ilə bağlıdır. Eləcə də DİN-in sosial şəbəkələrinə 100-dən çox şikayət, həmçinin KİV-lərdən, ailə qadın cəmiyyətlərindən də 90-dan artıq müraciət daxil olub. Qeyd olunan bu məlumatlara əsasən 602 sayda ailəli qadın ərləri tərəfindən döyüllüb. DİN-ə 4 052 döyülmə faktı ilə bağlı məlumat daxil olub və öz təsdiqini tapıb".

Digər çıxış edənlər qadınlara qarşı zorakılığa son qoyulmasının əhəmiyyətindən danışıb, bu sahədə görülən işlərdən bəhs ediblər.

Sonra mövzuya dair videoçarxlar, həmçinin Pantomim Teatrının aktyorlarının ifasında mini-tamaşa nümayiş olunub.

AzVision.az




Teqlər: Dəyirmi-masa  



Xəbər lenti