“İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçirilir

“İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçirilir
  06 Dekabr 2021    Oxunub:1830
Şamaxı rayonunda İqtisadiyyat Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun və ADA Universitetinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans işə başlayıb.
AzVision.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, AMEA-nın İqtisadiyyat İnstitutunun Baş direktoru, professor Nazim Müzəffərli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəhbəri Mirəli Kazımov açılış nitqi ilə çıxış edib. İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, nazirliyə məxsus Ağdam Sənaye Parkının rezidenti olmaq istəyən 4 şirkətlə danışıqlar son mərhələdədir: "Parkda sosial zonanın təşkil edilməsi yekunlaşıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana , tibb məntəqəsi, aptek, mağaza, yeməkxana yaradılıb, əraziyə asfalt, yol, su xətti çəkilib. İşıqlandırmada günəş enerjisindən qidalanan panellərdən istifadə edilir".

Bundan başqa, nazir müavini deyib ki, Ağdam Sənaye Parkının ərazisinin 76 hektarı və yaxud 40%-i minalardan təmizlənib:

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub. Müraciətlərin təxminən 1/3-i xarici, qalanı isə yerli şirkət və sahibkarlara məxsusdur. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil olunur. İnnovasiya fəallığının artırılması və iqtisadi canlanmanın təşkili, bu sahədə çalışacaq sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün daha əlverişli şərait yaradılması məqsədilə müvafiq təkliflər hazırlanır. Təkliflərdə vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi, maliyyə mənbələrinə çıxışın asanlaşması (dövlət zəmanəti ilə bank kreditlərinin verilməsi) kimi dəstək tədbirləri əksini tapacaq"

AzVision.az



Teqlər: Qarabağ   Şamaxı   İnvestisiya  



Xəbər lenti