"ATƏT daha Qarabağ haqda öz müqəddəratını təyinetmə demir"- Şarmazanov

   "ATƏT daha Qarabağ haqda öz müqəddəratını təyinetmə demir"-   Şarmazanov
  08 Dekabr 2021    Oxunub:1175
Ermənistanın eks-prezidenti Serj Sarkisyanın “Respublika” partiyasının mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov ATƏT-in daha İrəvana əhəmiyyət verməməsindən gileylənib.
AzVision.az xəbər verir ki, yerli mediaya açıqlama verən Şarmazanov artıq siyasi proseslərin "Respublika" partiyasının hakimiyyətdə olduğu dövrdəki kimi cərəyan etmədiyini qeyd edib.

- ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bəyanatla çıxış ediblər. Əgər "Respublika" partiyasının dövründə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin bəyanatında "Dağlıq Qarabağ xalqı"nın öz müqəddəratını təyinetmə hüququndan istifadə etmək hüququnun həyata keçirilməsi prinsipi qeyd olunurdusa, sonuncu bəyanatda bu barədə bir kəlmə də yazılmayıb. Bu da iqtidarın "gələcəyimiz var" devizinin nəticəsi,-eks-spiker gileylənib.



Politoloq Robert Marqaryan da məlum bəyanatın onlar üçün arzuolunmaz olmasından gileylənib.

-ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin yaydıqları bəyanatda yalnız sonuncu bənddə Qarabağ haqqında nə isə yazılıb. "Öz müqəddəratını təyinetmə hüququ" haqqında bir kəlmə də yoxdur. Beləliklə, "Artsax" (Keçmiş qondarma rejim-red) gündəmdən çıxarılır.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici siyasət idarəsinin rəhbəri Jan-İv Le Drian Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun ATƏT-in Minsk qrupu vasitəsilə yenilənməsini dəstəklədiklərini bəyan ediblər.
ATƏT-in saytında yerləşdirilmiş məlumatda bildirilir ki, həmsədr ölkələr tərəfləri sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilmiş görüşlərdə başlayan xarici işlər nazirləri səviyyəsində dialoqu davam etdirməyə, eləcə də regionda davamlı sülhü təşviq etmək üçün təmasları dövlət başçıları səviyyəsində davam etdirməyə çağırıb.

“ATƏT eləcə də hər iki ölkəni sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi digər problemli məsələlərin həlli üçün konstruktiv işləməyə çağırır”, - təşkilatın saytındakı xəbərdə qeyd olunur.

Həmsədr ölkələr bir daha ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiondakı fəaliyyətini dəstəklədiklərini bildiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: ATƏT   Qarabağ  



Xəbər lenti