"Kumtor" işi üzrə dindirilən Akayev Moskvaya qayıdıb

"Kumtor" işi üzrə dindirilən Akayev Moskvaya qayıdıb
  20 Dekabr 2021    Oxunub:658
"Qırğızıstanın eks-prezidenti Əsgər Akayev Bişkekdən Moskvaya uçub, istintaqın ona artıq sualı yoxdur".
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə keçmiş dövlət başçısının ətrafında olan mənbə deyib.

"Əsgər Akayev Moskvaya uçub. İstintaqın artıq ona "Kumtor" yatağı ilə bağlı sualı yoxdur. Onun oradan pul götürmədiyi müəyyən edilib", - mənbə söyləyib.

Akayev dekabrın 14-də oğlu İlimlə Qırğızıstana uçub. Bu, sabiq dövlət başçısının bu il Qırğızıstana ikinci səfəridir. Avqustun əvvəlində, 16 il Moskvada qaldıqdan sonra, o ilk dəfə “Kumtor” işi üzrə ifadə vermək üçün ölkəsinə uçub.

Xatırladaq ki, Qırğızıstan Kanadanın “Centerra Gold Inc” şirkətinə qarşı “Kumtor” mədəninin işlənməsi zamanı ekoloji pozuntulara və vergidən yayınmaya yol verdiyinə görə 4,2 milyard dollar məbləğində maliyyə iddiası qaldırıb. Rəsmi Bişkek hesab edir ki, şirkətin hərəkətləri respublikanın ekologiyasına xeyli ziyan vurub, o cümlədən yatağın yaxınlığında buzlaqların əriməsi təhlükəsi yaranıb və bu, insan tələfatına səbəb ola bilər.

Parlamentin bir sıra deputatları, eləcə də yüksək vəzifəli məmurlar, o cümlədən keçmiş baş nazirlər Omurbek Babanov, Temir Sariyev və Comart Otorbayev “Kumtor”la bağlı cinayət işi üzrə mühakimə olunurlar. Respublikanın digər keçmiş lideri Kurmanbek Bakiyev beynəlxalq axtarışa verilib.

Kanadanın “Centerra Gold” şirkəti təxminən 30 ildir ki, Qırğızıstanda 700 ton qızıl ehtiyatı olan ən böyük “Kumtor” yatağının işlənməsi ilə məşğuldur. Qırğızıstanın statistik məlumatlarına görə, respublikanın ümumi sənaye istehsalında "Kumtor"un payı təxminən 20% təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qırğızıstan  



Xəbər lenti