“3+3" çərçivəsində daha yüksək səviyyəli görüş keçirilə bilər - Nazir

“3+3" çərçivəsində daha yüksək səviyyəli görüş keçirilə bilər -    Nazir
  27 Dekabr 2021    Oxunub:713
“3+3” formatında platformanın yaradılması regional səviyyədə münasibətlərin inkişafına töhfə verir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir xatırladıb ki, “3+3” platformasının ilk görüşü dekabr ayında keçirildi, lakin Gürcüstan bu tədbirdə iştirak etmədiyindən görüş 3+2 formatda baş tutdu.

"Məqsəd ilkin fikir mübadiləsi aparmaq idi. Region ölkələrinin problemləri masa arxasında müzakirə etməsi müsbət bir haldır. Biz bu görüşü müsbət qiymətləndirir, ilkin razılaşmaları məqbul sayırıq", - Bayramov söyləyib.

Onun sözlərinə görə, Gürcüstan bu görüşdə iştirak etməsə də, danışıqların nəticələrini ona təqdim etmək barədə qərar qəbul edilib. Növbəti görüşlərin rotasiya əsasında iştirakçı ölkələrdə keçirilməsi barədə razılıq əldə olunub. Əlaqələndirmə işləri Xarici İşlər Nazirlikləri tərəfindən aparılacaq. Digər sahəvi nazirliklərin də koordinasiyalı şəkildə prosesdə iştirakı istisna olunmur. Bu platforma çərçivəsində daha yüksək səviyyəli görüş keçirilə bilər.

AzVision.az



Teqlər: Ceyhun-Bayramov  



Xəbər lenti