Qazaxıstanda Sərhəd Xidməti Akademiyasının rəisi öldürülüb

 Qazaxıstanda Sərhəd Xidməti Akademiyasının rəisi öldürülüb
  07 Yanvar 2022    Oxunub:1503
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Akademiyasının rəisi öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Qeyd edilir ki, rəis iğtişaşlar zamanı etirazçıların akademiyanın binasına basqınından sonra həlak olub.

- Etirazçılar binanı ələ keçirməyə cəhd etdikləri üçün təhsil müəssisəsinin kursantları onlarla davaya qalxıb. Kursantlara akademiyanın rəisi rəhbərlik edirmiş. Sosial şəbəkələrdə isə radikalların akademiyaya hücumu zamanı qeydə alınmış video yayılıb. Görüntülərdən aşkar sezilir ki, kursantların silahı olmayıb.

Almatının mərkəzində atışma səsləri eşidilir
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT)
müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib.

Qeyd edək ki, Qazaxıstanın təhlükəsizlik xidmətinin rəsmiləri iğtişaşlar zamanı 26 radikalın məhv edildiyini və 3 minə yaxın insanın talanlarda iştirak etdiyi üçün saxlanıldığını bəyan edib. 18 polis isə həlak olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qazaxıstan   İğtişaş  



Xəbər lenti