"NATO-da Ukraynaya silah tədarükü ilə bağlı fərqli baxışlar var" - Baş katib

   "NATO-da Ukraynaya silah tədarükü ilə bağlı fərqli baxışlar var" -    Baş katib
  29 Yanvar 2022    Oxunub:595
"NATO-da müttəfiqlər arasında Ukraynaya silah tədarükünün zəruriliyi ilə bağlı müxtəlif baxışlar var”.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “El Pais” nəşrinə deyib.

“Düşünürəm ki, NATO müttəfiqlərinin Ukraynaya dəstək vermək öhdəliyi var. Biz onlara siyasi dəstək, praktiki dəstək veririk, müdafiə institutlarını modernləşdirməyə, korrupsiya ilə mübarizə aparmağa kömək edirik, kibermüdafiə mexanizmlərini qurmağa yardımçı oluruq. Müdafiə silahlarına gəlincə, müttəfiqlərin fərqli baxışları var. Britaniya, ABŞ və ya Baltikyanı ölkələr kimi bəzi müttəfiqlər Ukraynanı bu tip silahlarla təmin edir", - baş katib bildirib.

O əlavə edib ki, heç kim silahlı münaqişədə maraqlı deyil: “Biz Moskvanı oturub təhlükəsizliklə bağlı narahatlıqlarını dinləməyə, silahlara nəzarət, nüvə silahları, raketlər, hərbi fəaliyyətlərin şəffaflığı kimi məsələləri öyrənməyə, daha yaxşı siyasi və hərbi kommunikasiya kanalları yaratmağa dəvət edirik.

Ukraynanın neytral statusunun mümkünlüyündən danışan baş katib deyib ki, bu məsələ Kiyevin hüdudlarından kənara çıxır: "Rusiya gələcəkdə istənilən dövlətin NATO üzvlüyünə mane olacaq hüquqi qüvvəyə malik müqavilə imzalamaq istəyir. Biz Ukraynanın alyansa qoşulmasının tərəfdarı olub-olmamasından asılı olmayaraq qərarına hörmət etməliyik".

Rusiya Federasiyasının tələbinin digər dövlətlərin deyil, yalnız Ukraynanın alyansa qoşulmasının dayandırılması ilə məhdudlaşacağı halda bunun qəbuledilə bilməsinə gəlincə, baş katib qeyd edib: “Biz heç vaxt açıq şəkildə danışıqlar aparmırıq, ona görə də Moskvaya göndərdiyimiz cavab məxfidir. Məxfilik diplomatik tərəqqi üçün ilkin şərtdir. Eyni zamanda hər bir ölkənin seçim azadlığı əsas prinsipdir”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO  





Xəbər lenti