Rusiyanın `nurçu` dosyesində azərbaycanlı adları

Rusiyanın `nurçu` dosyesində azərbaycanlı adları
  07 Aprel 2014    Oxunub:990
Rusiyada fəaliyyət göstərən nurçularla bağlı hesabat hazırlanıb. Moskvanın Dini-Etnik Araşdırmalar Mərkəzinin sədri Rais Süleymanov tərəfindən hazırlanan hesabatda Rusiya ilə yaxın ölkələrdəki nurçularla bağlı məlumatlar əksini tapıb.

AzVision.az-ın verdiyi xəbərə görə, hesabatda deyilir ki, Fəthullah Gülən camaatı Rusiyada gizli halda təşkilatlanıblar və aktiv fəaliyyət göstərirlər. “Gülənin əsgərləri” olaraq fəaliyyət göstərən bu hərəkat sadəcə Türkiyə vətəndaşlarından ibarət deyil. Həmin təşkilatın daxilində Azərbaycan və Orta Asiyadan olan kəşfiyyat orqanlarının keçmiş əməkdaşları da var.

Hesabatda bildirilir ki, “Camaat”ın Rusiyaya girişi SSRİ-nin dağılmasından sonra başlayıb. 2008-ci ildə artıq bu təşkilat bütün Rusiya ərazisini hörümçək toru kimi zəbt edib. Camaatın fəaliyyəti 2008-ci ildə məhkəmənin qərarı ilə qadağan olunub.

Ümumiyyətlə, müvəffəqqiyət qazanan gəncləri öz tərəflərinə çəkmək istəyən təşkilat tələbələrin yaşam və təhsil xərclərini ödəyir. “Camaat”a qatılan həmin şəxslər isə sonradan hərəkatdan ayrıla bilmirlər. Təhsillərini bitirsələr də, harada işləməklərindən asılı olmayaraq, Camaata qarşı olan vəzifələrini yerinə yetirmək məcburiyyətindədirlər. Bu vəzifənin tərkibinə aylıq gəlirlərinin bir hissəsini “Camaat Payı” adı ilə təşkilata verilməsi və öz ölkələrinin rəsmi qurumlarında işləyərkən “Camaat”ın fəaliyyətinə zidd hərəkət etməmələri daxildir.

2008-ci ildə məhkəmənin qərarı ilə fəaliyyətlərinə qadağan edilsə də, onlar Rusiyanın xüsusilə Tatarlar yaşayan bölgəsində öz gizli işlərini həyata keçirirlər. Moskva yaxınlarında kirayə tutulmuş evlərdə isə tələbələr yetişdirirlər. Gülən camaatı təhsil üçün Rusiyaya gələn azərbaycanlı, qazax, özbək və qırğız gənclərə yaxınlaşır, onları öz tərəflərinə çəkirlər.

Camaatla bağlı olan gənclərin bir hissəsi təhsillərini bitirdikdən sonra missionerlik fəaliyyətləri üçün dünyanın hər hansı bir ölkəsinə göndərilir. Amma Rusiyada yetişdirdikləri tələbələrin çoxu Müstəqil Dövlətlər Birliyinə göndərilir.

Camaatdan uzaqlaşmaq istəyən tələbələr cəmiyyətdən təcrid edərək cəzalandırırlar. Hərəkatda fəaliyyət göstərən gənclər bu təşkilatda olduqları müddətdə öz fəaliyyətləri haqqında danışmamalıdır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti