"Diplomatiya Rusiya-Ukrayna sərhədində gərginliyi azaltmağa imkan verib"

"Diplomatiya Rusiya-Ukrayna sərhədində gərginliyi azaltmağa imkan verib"
  31 Yanvar 2022    Oxunub:768
“Diplomatik səylər Rusiyanın Ukrayna ilə sərhədində gərginliyin müəyyən qədər azalmasına gətirib çıxarıb”.
AzVision.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının yeni sədri, fevralda vəzifəsinin icrasına başlayacaq Kristof Hoysgen mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, diplomatiya artıq Rusiya və Ukrayna sərhədində böhranın həllində ilk uğuru göstərib. "Rusiyadan bir az daha az aqressiv ritorika gəlir. Lakin təhlükə hələ bitməyib", - o bildirib.

Eyni zamanda ekspert Avropa İttifaqı və Şimali Atlantika Alyansını Ukrayna ətrafında yaranmış hazırkı vəziyyətdə birləşməyə çağırıb. "Həmrəylik Rusiyanı heyrətləndirmək üçün güclü bir yoldur. Buna görə də NATO və Aİ birlikdə olmalıdır".

Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız adlandırıb. O vurğulayıb ki, Rusiya heç kimə təhlükə yaratmır. Eyni zamanda, Peskov bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü də istisna etməyib. O, Ukraynanın cənub-şərqindəki böhranın həlli üçün gücdən istifadə cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti