Ermənilər Şuşadan oğurlanan xalçaların sərgisi üçün yer axtarırlar

   Ermənilər    Şuşadan oğurlanan    xalçaların sərgisi üçün yer axtarırlar
  09 Fevral 2022    Oxunub:2283
Ermənilər Qarabağ, əsasən də Şuşa şəhərindən oğurladıqları tarixi Azərbaycan xalçalarının sərgisi üçün yer axtarırlar. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, İkinci Qarabağ müharibəsi zamanı Şuşadan çıxarılmış, eləcə də əvvəlki illərdə şəhərdən götürülmüş xalçaların ekspozisiyası üçün məşhur muzeylər təklif olunur.
Şuşa muzeyləri belə talan edilib - Erməni deputat özlərini ifşa etdi
- Ermənistan parlamentində çıxış edən təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyan deyib ki, xalçalarla bağlı iş gündəmdədir. O, "Hayastan” blokundan deputat Elinar Vardanyanın sualını cavablandırarkən qeyd edib ki, xalça kolleksiyasının sahibinə onları ən yaxşı muzeylərdə nümayiş etdirmək təklifi irəli sürülüb. Bu cür təklifdə məqsəd isə budur ki, sərgi daha çox kütləyə çatdırılacaq. Çünki böyük muzeylərdə (ədəbiyyat və incəsənət, tarix, xalq sənəti və s.) ziyarətçilərin sayı tematik muzeylərdən çox olur,-məqalədə yazılıb.

Saytlar nazir müavinindən sitat gətiriblər.

- Əlbəttə ki, yeni muzey də tikmək olar. Lakin indi biz mövcud muzeylərdə ekspozisiyaların nümayişinə doğru gedirik - sadə səbəbdən onları orada daha çox adam görəcək, - Xzmalyan deyib.



Onun sözlərinə görə, kolleksiyanın sahibi ilə müzakirələr aparılır.

Qeyd edək ki, Vardan Asçatryan Qarabağ işğalda olarkən tarixi Azərbaycan torpaqlarından qədim xalça kolleksiyası toplayıb. 44 günlük müharibə zamanı isə xalçaları işğaldan azad olunan ərazilərdən çıxara bilib. Bundan sonra o Qarabağın nadir mədəniyyət nümunələrini "erməni xalçaları" adı ilə Aleksandr Tamanyan adına Milli Muzey-Memarlıq İnstitutunda sərgiləyib. Lakin dekabrın sonunda Asçatryana bildiriblər ki, sərgi sonsuza qədər davam edə bilməz və xalçaları çıxarmaq lazımdır. Nazirlik xalça oğrusuna xalçaları Ermənistanın Tarix Muzeyinə, Sardarapatda olan memorial kompleksdəki Erməni Etnoqrafiya Muzeyinə və ya Ovannes Şarambeyan adına Xalq Sənəti Muzeyinə daşımağı təklif edib.
Asçatryan isə bu təklifləri qəbul etməyib.

Xatırladaq ki, 1992-ci ilin mayında Şuşa işğal edilən zaman şəhərin tarix-diyarşünaslıq muzeyində saxlanılan xalqımıza məxsus digər maddi-mədəniyyət nümunələrimizlə yanaşı, xalçalarımız da Ermənistana, oradan xarici ölkələrə, hərraclara daşınmışdı. Ermənilər Şuşa əhalisinin evlərindən çıxara bilmədikləri XIX əsrin ikinci yarısına – XX əsrin ortalarına aid çoxlu sayda xalça və xalça məmulatlarını baha qiymətlə satışa çıxarırdılar. Torpaqların Azərbaycan ordusu tərəfindən azad olunmasını görən düşmən özünün talançılıq missiyasından əl çəkməyib və Şuşadakı xalçaları oradan oğurlayaraq çıxarıb.

İşğaldan azad olunan ərazilərdə 303 tarix və mədəniyyət abidəsinin monitorinqi aparılıb. Təəssüf ki, onların əksəriyyəti tamamilə dağıdılıb. 461 sayda muzey, teatr, mədəniyyət evləri, kitabxanalar təftiş olunub. Bunlardan 212-si kitabxana, 199-u mədəniyyət evi olmaqla tamamilə məhv edilib. Bunlar bütün qeydə alınmış abidələr deyil. Hazırda proses davam edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Şuşa   Xalça   Muzey   Ermənistan   Oğru  



Xəbər lenti