Hindistan universitetləri üçün təqaüd proqramları elan edilib

Hindistan universitetləri üçün təqaüd proqramları elan edilib
  15 Fevral 2022    Oxunub:1319
Hindistanın Azərbaycandakı səfirliyi 2022-2023-cü tədris ili üçün Hindistanın Mədəniyyət Məsələləri üzrə Şurasının (İCCR) yenidən hazırlanmış Ümumi Təqaüd Sxeminə (A1201) əsasən bu ölkənin universitetlərində/institutlarında təqaüd proqramlarını elan edib.
Səfirlikdən AzVision.az - a verilən məlumata əsasən, Hindistanın Mədəniyyət Məsələləri üzrə Şurasının A2A Portalı (www.a2ascholarships.iccr.gov.in/) qəbulu fevralın 10-da açıq elan edib. Ərizəçilər tərəfindən müraciətlərin təqdim edilməsi üçün son tarix 30 aprel 2022-ci ildir.

Maraqlanan şəxslər müraciət etmək üçün aşağıda qeyd olunanlara diqqət yetirməlidirlər:

1. Ərizəçilər beş universitet/instituta öz seçimləri üzrə təhsil almaq üçün müraciət etmək imkanına malikdirlər. Qəbul, mümkün qədərilə, ərizəçinin istəyinə uyğun olaraq aparılır. Bununla belə, təklif olunan yerlərin sayının məhdud olması səbəbindən ərizəçilərin seçdikləri Universitetlərə/İnstitutlara qəbul olunmamaları da mümkündür. Buna görə də ərizəçilər seçdikləri beş universitetdən hər hansı birindən qəbula hazır olmalıdırlar.

2. 2022-2023-cü akademik ili üçün ingilis dili biliyini müəyyən etmək məqsədilə ingiliscə 500 sözdən ibarət esse yazılması tələbi qoyulub. Bundan əlavə, olduğu təqdirdə, tələbələr TOEFL/IELTS və sair standartlaşdırılmış test ballarını təqdim edə bilərlər. “İCCR” həmçinin, tələb olunarsa, universitetlərdən/institutlardan ərizəçilərlə onlayn müsahibə keçirməyi xahiş edir. Qəbul olunmamış namizədlərə universitetlər tərəfindən məlumat veriləcək.

3. Maraqlanan şəxslərə qəbul üçün müraciət etməzdən əvvəl təklif olunan kurslar, uyğunluq şərtləri və universitet/institut haqqında ümumi məlumat almaq məqsədilə mütəmadi olaraq müvafiq təhsil ocağının veb-saytını izləmələri tövsiyə olunur. Tələbələr kursa uyğun olduqlarını və uyğunluq meyarlarına cavab verdiklərini müəyyən etməli və ərizə formasında qeyd olunan əsas sertifikatlara əlavə olaraq universitetlər tərəfindən tələb olunan müvafiq sənədləri təqdim etməlidirlər. Onlara, həmçinin Universitetin Məlumat Kitabçası/Universitet Qrant Komissiyasının vebsaytı və sairlə tanış olmaq tövsiyə olunur.

4. Qeyd etmək lazımdır ki, mühəndislik və texnologiya üzrə bakalavr kursları, eləcə də mühəndislik kursları üçün namizədin 11 və 12-ci siniflərdə fizika, kimya və riyaziyyat fənləri üzrə təhsil alması məcburi tələbdir. Hər təhsil səviyyəsi, yəni 10 və 10+2 ekvivalent məktəb təhsili səviyyəsi üçün qiymət vərəqəsi ingilis dilində transkriptlərlə birlikdə təqdim olunmalıdır. Orijinal sənədlər ingilis dilində deyilsə, sənədlərin ingiliscə tərcüməsi olmadan ərizəyə baxılmayacaq.
Onu da qeyd etmək lazımdır ki, tam doldurulmamış ərizələr universitetlər tərəfindən birmənalı şəkildə rədd edilə bilər. Ərizəçilərə müraciət etməzdən əvvəl ərizələrini hərtərəfli yoxlamaq və lazımi sənədləri əlavə etmək tövsiyə edilir.

5. Hindistan universitetlərinə/institutlarına qəbul zamanı ərizəçinin 18 yaşı tamam olmalı və 30-dan çox olmamalıdır.

6. 2022-2023-cü tədris ili üçün tibb, feldşer (tibb işi/fizioterapiya/anesteziya və s.), moda elmləri, hüquq, eləcə də inteqrasiya edilmiş bakalavriatura (5 illik), elm üzrə bakalavriatura və elm üzrə magistraturaya (5 illik) və sair qəbul aparılmır.

7. Elm kursları üçün kimyəvi laboratoriya maddələri və digər əlaqədar xərclər alimlərin özləri tərəfindən ödəniləcək.

8. Bütün “İCCR” təqaüd tələbələri illik olaraq minimum 500 min Hindistan rupisi məbləğində tibbi sığorta əldə etməlidirlər. Ərizəçilər Hindistana çatmazdan əvvəl və ya çatdıqdan dərhal sonra, hansı əlverişlidirsə, tibbi sığortaya malik olmalıdırlar. Tələbələr seçdikləri sığorta şirkətlərindən tibbi sığorta ala bilərlər. Bununla belə, prosesi asanlaşdırmaq üçün yönləndirmə məqsədilə iki sığorta şirkəti təklif olunur.
Qarşıdan gələn 2022-2023-cü tədris ili üçün “İCCR” təqaüdü çərçivəsində tibbi sığorta siyasətinə dəyişikliklərlə bağlı yenidən hazırlanmış normalarla A2A Portalında (www.a2ascholarships.iccr.gov.in/) tanış olmaq olar.

9. Əcnəbi tələbələrin təhlükəsizliyini təmin etmək üçün “İCCR” onlara kampus yataqxanasında (əgər mümkündürsə) yaşamağı tövsiyə edir. Bununla belə, müvafiq institut onun yataqxanasında qalmaqda israr etmirsə, tələbələrin fərdi yaşayış yerlərində qalmasına icazə verilir.

10. Azərbaycandan olan tələbələr “İCCR”ın A2A (www.a2ascholarships.iccr.gov.in/) təqaüd portalına baş çəkə bilərlər. Onlayn müraciətlər A2A portalı vasitəsilə təqdim olunmalıdır. Bu təqaüdləri tənzimləyən prosedurlar və normalar haqqında www.a2ascholarships.iccr.gov.in saytında məlumat əldə etmək olar.

AzVision.az




Teqlər: Hindistan   Təqaüd-proqramı  



Xəbər lenti