Kaçinski Avropa İttifaqını yalançılıqda ittiham etdi
AzVision.az xəbər verir ki, Kaçinski Polşa radiosunda deyib: “Biz səlahiyyətdən sui-istifadə və yalan görürük”.
Qeyd edək ki, Avropa Komissiyası İntizam Palatasını hakimlərin müstəqilliyi üçün təhlükə hesab etdiyinə və rəsmi Varşava bu qurumun ləğvindən boyun qaçırdığına görə Avropa Məhkəməsi ötən ilin oktyabr ayında Polşanı gündəlik bir milyon avro həcmində icbari ödənişlə cərimələmişdi.
Hakim partiyanın qanun layihəsinə əsasən, ölkədə hakimlərin fəaliyyəti ilə əlaqədar şikayətlərə Ali Məhkəmənin hakimləri baxacaqlar və hansı hakimin hansı işə baxacağı püşk əsasında müəyyən olunacaq. Bildirilib ki, yeni qanun layihəsi Avropa Məhkəməsi tərəfindən tövsiyə olunan bütün nüansları özündə ehtiva edir.
Xatırladaq ki, Avropa Komissiyası yanvar ayının sonunda Polşaya Avropa Məhkəməsinin qərarlarını icra etmədiyinə görə 69 milyon avro həcmində ödəniş tələbi göndərmişdi. Bir tərəfdən cəza məbləğinin günbəgün artması, digər tərəfdən isə mübahisə fonunda ölkəyə Aİ yardımlarının dayanması Polşa hökumətini və hakim partiyanı müvafiq addımlar atmağa vadar edir.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


