Die Welt: "NATO Ukrayna böhranını kəskinləşdirir"

      Die Welt:    "NATO Ukrayna böhranını kəskinləşdirir"
  17 Fevral 2022    Oxunub:1016
Almaniyanın məşhur "Die Welt" nəşri "Ukrayna böhranı"ndan yazıb. AzVision.az xəbər verir ki, alman analitik Kristof Şilç son prosesləri analiz edərək hadisələrin ürəkaçan olmamasına diqqət çəkib.
Onun fikrincə, NATO qüvvələrinin Avropada toplanması Ukrayna böhranının kəskinləşməsinə səbəb olacaq. Şilç belə hesab edir ki, Almaniya Amerika ideyalarını dəstəkləməyi dayandırmalıdır. Əks halda Berlin genişmiqyaslı münaqişəyə cəlb olunacaq.

Hər şey nüvə müharibəsinə doğru gedir: Bəşəriyyəti yeni "Buz dövrü"nə kim daşıyacaq?
- Cənub-Şərqi Avropadakı NATO ölkələri üçün yeni "sığortalanma" tədbirləri Moskvanın dekabrda sözdə təhlükəsizlik zəmanətləri tələblərinin əksinə olan gedişlərdir. NATO-nun yeni strategiyası Moskvada qəzəbli etirazlara səbəb ola bilər,-analitik yazıb.

Şilçə görə, Moskvanın mövqeyindən baxanda bölgəyə əlavə kontingentin yerləşdirilməsi və NATO bazalarının Polşa, Estoniya, Litvada gücləndirilməsi birbaşa təxribata bənzəyir.

Rusiya mediası isə məqaləyə reaksiya verən "Die Welt" oxucularının əksəriyyətinin analitikin fikri ilə razı olduğunu yazıb. Qeyd edilir ki, onlar Berlinin Moskva ilə razılığa gəlməsinin, qarşıdurmaya başlamaqdan daha yaxşı olduğunu düşünürlər. Üstəlik, NATO hələ də Ukraynanı müxtəlif silahlarla aktiv şəkildə təmin edir. Oxucuların fikrincə, alyansın bu cür siyasəti acınacaqlı nəticələrə gətirib çıxara bilər.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   NATO   Rusiya   Müharibə  



Xəbər lenti