"Rusiya yaxın günlərdə Ukraynaya hücum edəcək" - Bayden

"2,8 milyon günahsız insanın yaşadığı Kiyevi hədəf alacaqlar"

 "Rusiya yaxın günlərdə Ukraynaya hücum edəcək" -  Bayden
  19 Fevral 2022    Oxunub:2180
“Rusiya yaxın vaxtlarda Ukraynaya, eləcə də onun paytaxtı Kiyevə hücum planlaşdırır”.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden fevralın 18-də Vaşinqtonda keçirdiyi brifinqdə deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinin qonşu Ukraynanı işğal etmək qərarına gəldiyinə əmindir.

"Rusiya hərbçilərinin yaxın həftə, yaxın günlərdə Ukraynaya hücum etməyi planlaşdırdığını və belə niyyətində olduğunu düşünməyə əsasımız var. Biz hesab edirik ki, 2.8 milyon günahsız insanın yaşadığı Kiyevi hədəf alacaqlar” ,- Bayden əlavə edib.

O deyib ki, əgər Rusiya öz planlarının həyata keçirilməsini sürətləndirsə, o zaman “fəlakətli” və özünün başlatdığı müharibəyə görə məsuliyyət daşıyacaq. ABŞ prezidenti bildirib ki, digər hallarla yanaşı, Rusiya Ukraynaya hücum üçün bəhanə tapmaq üçün yalan məlumatlardan istifadə edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Bayden  



Xəbər lenti