Avstraliya turistlər üçün sərhədlərini açdı

Avstraliya turistlər üçün sərhədlərini açdı
  21 Fevral 2022    Oxunub:974
Son iki ildə ilk dəfə olaraq 21 fevral tarixində Avstraliya sərhədlərini xarici turistlər üçün yenidən açıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, etibarlı vizası olan və koronavirusa qarşı tam peyvənd olunmuş hər kəsin ölkəyə girişinə icazə verilir.

Sidney və Melburn beynəlxalq hava limanlarında Avstraliyaya səyahət məhdudiyyətləri bitdikdən sonra ilk 24 saat ərzində digər ölkələrdən olan 56 təyyarə eniş etməlidir - bu, COVID-19 pandemiyasından əvvəlkindən xeyli azdır.

Bu arada, Baş nazir Skott Morrison səyahət edənlərin sayının zamanla yenidən artacağına şübhə etmədiyini söyləyib. Onun sözlərinə görə, dünyada etibarlı Avstraliya vizası olan 1,2 milyondan çox insan bu ölkəyə səfər edə bilər.
Avstraliyanın “Qantas” aviaşirkətinin Los-Ancelesdən gələn ilk təyyarəsi bazar ertəsi səhər tezdən Sidneyə eniş edib. Daşıyıcı bu həftə Avstraliyaya 14 mindən çox sərnişinin gələcəyini gözləyir. Pandemiyadan ağır zərbə alan turizm sektorunda tədricən bərpa başlayır. Avstraliyanın Ticarət, turizm və investisiya departamentinin rəhbəri Den Tian turistlərin sayının sürətlə artacağına ümid etdiyini bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Avstraliya  



Xəbər lenti