İrəvanda azərbaycanlı deputatların səfərinə etiraz olaraq aksiya keçirilib

İrəvanda azərbaycanlı deputatların səfərinə etiraz olaraq aksiya keçirilib
  21 Fevral 2022    Oxunub:2131
Ermənistanda Azərbaycanın və Türkiyənin əleyhinə etiraz aksiyası keçirilib
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Zvartnots hava limanına gedən yolu bağlayıblar.

Onlar azərbaycanlı deputatların bu ölkəyə səfərinə və İrəvan-İstanbul aviareysinin bərpasına, Türkiyə ilə əlaqələrin qurulmasına qarşı çıxıblar.

Aksiyada polislə qarşıdurma baş verib.

"Onlar türklərlə dost olmamaq üçün toplaşıblar. Gənclərimiz türklərin irəliləməsinin qarşısını almaq üçün növbə çəkirlər, lakin burada onlara sərbəst şəkildə gəlib kofe içməyə icazə verilir”, - etirazçılar bildirib.

Etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə daha böyük və daha ciddi aksiyalar keçirəcəklərini söyləyiblər.

Xatırladaq ki, fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iclasda iştirak edəcəklər.

Bundan əvvəl Ermənistanın qurumdakı nümayəndə heyətinin rəhbəri, hakim fraksiyasının deputatı Mariya Karapetyan bəyan edib ki, azərbaycanlı deputatlar böyük ehtimalla artıq İrəvandadırlar.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Etiraz  



Xəbər lenti