Putin qondarma “DXR” və “LXR”in müstəqilliyini tanıdı - VİDEO + YENİLƏNİB

 Putin qondarma “DXR” və “LXR”in müstəqilliyini tanıdı  -  VİDEO + YENİLƏNİB
  21 Fevral 2022    Oxunub:5140
Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” telekanalının efirində ölkə vətəndaşlarına telemüraciət edib.
AzVision.az xəbər verir ki, Prezidentin müraciəti ruslara və həmvətənlərə ünvanlanıb. Onun çıxışının mövzusu Ukrayna hadisələrindən ibarət olub.

O qeyd edib ki, müstəqillik elan olunandan bəri Ukraynadan maddi dəstək üçün Rusiyaya çoxsaylı müraciətlər gəlməyə başlayıb: “1991-2013-cü illərdə Rusiyanın müxtəlif yardımlarından Ukrayna büdcəsi üçün ümumi fayda, ekspert hesablamalarına görə, təxminən 250 milyard dollar təşkil edib. Aydın idi ki, Ukrayna hakimiyyəti Rusiya ilə bağlı bütün hüquq və üstünlüklərə malik olacaq, lakin heç bir öhdəlik daşımayacaq şəkildə hərəkət etməyə üstünlük verir. Tərəfdaşlıq əvəzinə, Kiyev hakimiyyəti tərəfindən bəzən tamamilə qeyri-rəsmi xarakter alan asılılıq üstünlük təşkil etməyə başladı. Enerji tranziti sahəsində daimi şantajı və bayağı qaz oğurluğunu xatırlamaq kifayətdir”.

Putin əlavə edib ki, 2014-cü il mayın 2-də Odessada baş vermiş faciəyə görə məsuliyyət daşıyanların adları məlumdur, onların tapılıb məsuliyyətə cəlb olunması üçün hər şey ediləcək. Rusiya lideri çıxışında vurğulayıb ki, ABŞ səfirliyindən “Maydan”a gündəlik maddi dəstək 1 milyon dollar təşkil edib. NATO ilə əməkdaşlıq barədə danışan Rusiya Prezidenti bildirib ki, Alyans üçün Rusiya kimi böyük dövlət lazım deyil. Onun sözlərinə görə, Ukraynanın NATO-ya qəbul edilməsi birbaşa ölkənin təhlükəsizliyi üçün təhlükədir.

“Ukraynanın NATO-ya daxil olması Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir. ABŞ rəsmiləri Ukraynanın şərqindəki aktiv döyüş əməliyyatlarının ölkənin NATO-ya daxil olmasına mane olmadığını iddia ediblər. hər bir ölkənin hərbi ittifaqlara girmək hüququ var, lakin başqa dövlətlərin təhlükəsizliyi hesabına öz təhlükəsizliyinizi gücləndirə bilməzsiniz. Ukrayna qoşunlarının komanda və idarəetmə sistemləri artıq NATO ilə inteqrasiya olunub, alyans Ukrayna ərazisini inkişaf etdirməyə başlayıb. Ukrayna NATO-ya daxil olarsa, alyansın Rusiyaya zərbə endirməsi üçün tramplin rolunu oynayacaq”.

Çıxışının sonunda Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə qərar qəbul etdiyini bəyan edib. Daha sonra Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb.

Eyni zamanda Putin və Denis Puşilin Rusiya Federasiyası ilə qondarma Donetsk Xalq Respublikası (DXR) arasında dostluq, əməkdaşlıq və yardım haqqında saziş imzalayıblar.

Həmçinin Vladimir Putin və Leonid Paseçnik Kremldə Rusiya Federasiyası ilə qondarma Luqansk Xalq Respublikası (LXR) arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıblar. Putin DXR və LXR rəhbərlərini Rusiya ilə dostluq müqavilələrinin imzalanması münasibətilə təbrik edib.

✔️ Ukraynada həqiqi, dayanıqlı dövlətçilik yarana bilmədi
✔️ Rusiya ilə Ukraynanın münasibətlərində xarici qüvvələr rol oynadılar. Onlar öz adamlarını yetişdirib, hakimiyyətə gətirdilər...
✔️ "Maydan" hərəkatına ABŞ gündə bir milyon dollar məbləğində dəstək verirdi
✔️ "Maydan" Ukraynanı demokratiyaya yaxınlaşdırmadı, dibsiz uçuruma yuvarladı
✔️ Ukraynada patriotların hakimiyyəti milli xarakterini itirib və ölkənin suverenliyini ləğv etməyə yönəlib
✔️ Kiyevdə Rusiya pravoslav kilsəsini əzməkdə davam edirlər
✔️ Kasıblıq, çıxılmazlıq, sənaye potensialının itirilməsi - qərbyönümlü kursun gətirdiyi sivilizasiya budurmu?
✔️ Ukraynanın nüvə silahına sahib olması üçün Qərb ona texnoloji dəstək verir
✔️ Ukrayna ordusunun və xüsusi xidmətlərinin fəaliyyətini xarici müşavirlər idarə edirlər, biz bunu yaxşı bilirik
✔️ ABŞ və NATO utanmadan Ukraynanı hərbi əməliyyatlar teatrı kimi mənimsəməkdədirlər
✔️ Ukraynanın NATO-ya qəbulu Rusiyanın təhlükəsizliyinə birbaşa hədədir
✔️ Ukraynanın NATO-ya indi yox, bir qədər sonra daxil olması Rusiya üçün heç nəyi dəyişmir
✔️NATO sadəcə, Rusiya kimi böyük bir dövlətin mövcud olmasını istəmir
✔️ Ukraynanın NATO-ya qəbulu və orada silahların yerləşdirilməsi artıq həll olunmuş məsələdir
✔️ Ukrayna ərazisində yerləşdirilən silahlar Rusiya ərazisini Urala qədər nəzarətdə saxlamaq imkanı verəcək
✔️ Bizə hansısa sanksiya qoymaq üçün onsuz da hansısa bəhanə tapacaq və ya yaradacaqlar
✔️ Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa tam haqqı var və belə də edəcəyik
✔️ Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa tam haqqı var və belə də edəcəyik
⚡️⚡️⚡️ Donetsk və Luqanskın müstəqilliyini tanımağı vacib hesab edirəm

"Telegram" kanalımızda izləyin: https://t.me/Azvisionaz





AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti