"Təəssüf ki, Kiyevdə təxribat qrupları fəaliyyət göstərir" - Kliçko

   "Təəssüf ki, Kiyevdə təxribat qrupları fəaliyyət göstərir" -    Kliçko
  26 Fevral 2022    Oxunub:1608
"Kiyevdə rus hərbçiləri yoxdur". AzVision.az xəbər verir ki, bunu Ukrayna paytaxtının meri Vitali Kliçko əhaliyə videomüraciəti zamanı deyib.
Onun sözlərinə görə, fevralın 26-na keçən gecə ağır gün olub. Rus hərbçiləri Qostomel və Jitomir istiqamətindən şəhərə daxil olmağa cəhd göstərsələr də, Ukrayna ordusu müdafiəni saxlaya bilib. Beləcə həmin ərazidə hücum edən qüvvələr zərərsizləşdiriliblər.
Kiyevdən beynəlxalq təşkilata çağırış: "Rus cəsədlərinin çıxarılmasına kömək edin"

- İndi təəssüf ki, paytaxtda təxribat qrupları fəaliyyət göstərir. Bir neçə toqquşma, atışma olub. Səhər saat altıya olan məlumata görə, ikisi uşaq olmaqla 35 nəfər yaralanıb. Hər kəsdən təmkinli olmağı xahiş edirəm və ən təhlükəsizi sığınacaqlarda qalmaqdır. Düşmən havadan hücumlar edəcək. Hərbçilər, polislər, milli qvardiya, ərazi müdafiəsini təşkil edən, könüllü batalyonlar şəhərimizi müdafiə edirlər. Çətin olacaq, amma biz sağ qalmalıyıq. Ordu bizimlədir, ədalət bizimlədir, - Kliçko deyib.

O, həmçinin əlavə edib ki, nəzarət-buraxılış məntəqələri qurulduğu üçün paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Təxribat   Ukrayna  



Xəbər lenti