"Sizin ərazinizdən uşaqlarımız öldürülür, siz isə yatırsınız belaruslu qardaşlar" - Zelenskidən çağırış

   "Sizin ərazinizdən uşaqlarımız öldürülür, siz isə yatırsınız belaruslu qardaşlar" -    Zelenskidən çağırış
  27 Fevral 2022    Oxunub:2080
Ukrayna prezidenti Vladimir Zelenski Belarus vətəndaşlarına müraciət edərək bəyan edib ki, ölkəsi onların ərazisində Rusiya ilə danışıqlara hazır deyil.
"Bu gün hamınızı referendumda səs vermək üçün məntəqələrə çağırıblar. Bu, normal siyasi proses kimi görünə bilər. Amma indi bu, artıq normal bir şey ola bilməz. İndi tamamilə fərqli səviyyədə qərarlar qəbul edilir", - Zelenski deyib.



O, həmçinin əlavə edib ki, dünən gecə şox ağır olub. Ukraynanın hər yerində yenidən atəş açılıb, yaşayış binalarına ziyan dəyib.

"Bu gün ölkədə elə bir obyekt yoxdur ki, işğalçılar özləri üçün düzgün hədəf hesab etməsinlər. Onlar hamıya qarşı vuruşurlar. Onlar bütün canlılara qarşı - uşaq bağçalarına, yaşayış binalarına və hətta təcili yardım maşınlarına qarşı mübarizə aparırlar. Onlar Hərbi infrastrukturu olmayan və heç vaxt mövcud olmayan bütün şəhər ərazilərinə raket artilleriyasından, raketlərdən istifadə edirlər”, - Ukrayna prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, Belarus hazırda Ukrayna ilə eyni tərəfdə deyil. Ona görə də onların ərazisində Rusiya Federasiyası ilə heç bir danışıqlar aparıla bilməz.

"Amma indi gedən müharibədə siz bizimlə eyni tərəfdə deyilsiniz. Təəssüf ki. Sizin ərazinizdən Rusiyanın qoşunları Ukraynaya raket zərbələri endirir. Sizin ərazinizdən uşaqlarımız öldürülür, evlərimiz dağıdılır, onilliklər ərzində tikilmiş hər şeyi - və yeri gəlmişkən, təkcə bizim yox, həm də atalarımızın, babalarımızın tikdikləri hər şeyi partlatmağa çalışırlar.

Bütün bunlar həm də belaruslular üçün faktiki referendumdur. Kim olduğunuza və kim olacağınıza qərar verin. Övladlarınızın, bir-birinizin, qonşularınızın gözünə necə baxacaqsınız. Biz isə sizin qonşularıq. Biz ukraynalıyıq. Rusiya deyil, Belarus olun! Siz indi bu seçimi edirsiniz. Bu gün”, - Zelenski bildirib.

Bundan əlavə, Zelenski qeyd edib ki, əgər Belarusdan aqressiv hərəkətlər olmasa, danışıqlar Minskdə baş tuta bilərdi. Amma hazırda bu mümkün deyil.

"Bilirsiniz, səhər saat 4-də Kiyevə hücum olub. Kiminsə 1941-ci ildəki kimi yumor hissi qalmış ola bilər. Siz isə yatırdınız, belaruslu qardaşlar. Biz isə oyaq idik. Amma hələ də yatırsınız. Biz bundan sonra da yatmayacağıq. Çünki biz mübarizə aparırıq. Vətənimiz üçün mübarizə aparırıq. Biz azadlığımız üçün mübarizə aparırıq. Çünki bizim buna tam haqqımız var.

Ona görə də indi deyirik - Minsk yox. Görüş üçün başqa şəhərlər platforma ola bilər. Təbii ki, biz sülh istəyirik. Görüşmək istəyirik, müharibənin bitməsini istəyirik! Varşava, Bratislava, Budapeşt, İstanbul, Bakı - Rusiya tərəfinə təklif etdiyimiz budur: "Bəli, ərazisindən raketlər uçmayan ölkədə bizə istənilən başqa şəhər uyğun gəlir. Yalnız bu yolla danışıqlar vicdanlı ola bilər. Onlar müharibəni həqiqətən bitirə bilər", - prezident əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti