BP “Rosneft”dəki payından imtina edir

      BP    “Rosneft”dəki payından imtina edir
  27 Fevral 2022    Oxunub:1252
Böyük Britaniyanın neft şirkəti BP Ukraynadakı müharibəyə görə Rusiyanın “Rosneft” şirkətinin 19,75%-lik payından imtina etdiyini bildirib. AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"BP-nin Direktorlar Şurası bu gün BP-nin Rosneft-dəki payını ləğv edəcəyini açıqladı. BP 2013-cü ildən Rosneft-də 19,75% paya sahibdir. Bundan əlavə, BP-nin baş icraçı direktoru Bernard Looney Rosneft-in direktorlar şurasını dərhal tərk edir." Rosneft-in digər direktoru, BP tərəfindən irəli sürülən, keçmiş baş icraçı direktor Bob Dadli də direktorlar şurasından istefa verir”, - məlumatda deyilir

Bildirilir ki, bu qərar fonunda şirkət artıq ehtiyatlarının həcmi, hasilatı və mənfəəti barədə “Rosneft”ə hesabat verməyəcək, həmçinin Rusiya şirkəti ilə digər birgə layihələrdən də çəkiləcək.

"Bir çoxları kimi, mən də Ukraynada baş verən situasiyadan çox sarsıldım və məyus oldum, ürəyim bütün zərərçəkənlərlədir. Bu, bizi BP-nin “Rosneft” ilə münasibətlərini əsaslı şəkildə yenidən nəzərdən keçirməyə məcbur etdi. Əminəm ki, idarə heyətinin qəbul etdiyi qərarlar təkcə düzgün deyil, həm də BP-nin uzunmüddətli maraqlarına uyğundur. Bizim birinci prioritetimiz regiondakı gözəl insanlarımıza qayğı göstərməkdir və onlara dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz həmçinin BP-nin daha geniş humanitar səylərə töhfə verə biləcəyi yolları araşdırırıq", - Luni deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti