Rusiyanın "nüvə triadası" gücləndirilmiş heyətlə döyüş növbəsinə başladı

   Rusiyanın    "nüvə triadası"    gücləndirilmiş heyətlə döyüş növbəsinə başladı
  28 Fevral 2022    Oxunub:1702
Rusiyanın Strateji Raket Qüvvələri, Şimal və Sakit Okean Donanmaları, eləcə də Uzaqmənzilli Aviasiya gücləndirilmiş heyətlə döyüş növbəsini yerinə yetirməyə başlayıb.AzVision.az xəbər verir ki, bunu müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə məruzə edərkən deyib.
- Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi ilə bağlı məruzə edib. Bildirilir ki, onun əmrinə əsasən, Strateji Raket Qüvvələrinin komandanlıq məntəqələrində, Şimal və Sakit Okean Donanmaları və Uzaqmənzilli Aviasiya Komandanlığında gücləndirilmiş heyətin döyüş növbətçiliyinə başlanılıb, - Rusiya mediası yazıb.

Putin nüvə qüvvələrini hazır etmək əmri verdi
Qeyd edək ki, dünən Vladimir Putin Müdafiə Nazirliyinə Rusiya çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə qeyd edib ki, bu, Qərbin aqressiv bəyanatları ilə bağlıdır.

“Qərb ölkələri təkcə iqtisadi sahədə ölkəmizə qarşı qeyri-dost addımlar atmır, mən hər kəsin yaxşı bildiyi qeyri-qanuni sanksiyaları nəzərdə tuturam. Lakin NATO-nun aparıcı ölkələrinin yüksək səviyyəli rəsmiləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər”,- deyə Putin bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Nüvə   Ukrayna  



Xəbər lenti