"Ukrayna və Rusiya Federasiyası vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər".
***
Ukrayna-Rusiya danışıqlarının ikinci raundunun gündəliyi açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” hesabında paylaşım edib.
O, Ukrayna tərəfinin görüşlə bağlı gündəliyində üç istiqamətin olduğunu qeyd edib.
"Bunlar döyüşlərin dərhal dayandırılması, atəşkəs razılaşması və dağılmış, həmçinin davamlı olaraq atəşə məruz qalan kənd və şəhərlərdən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasıdır".
***
Rusiya və Ukrayna nümayəndə heyətləri Belovejskayada danışıqların ikinci mərhələsinə başlayıblar. Bununla bağlı BelTA öz YouTube kanalında yayım aparır.
Ukrayna nümayəndə heyəti daha əvvəl danışıqların keçirildiyi yerə helikopterlə gəlib.
***
Rusiya ilə danışıqlar aparan Ukrayna nümayəndə heyəti helikopterlərlə Belovejskaya ərazisinə gəlib. Bu barədə TASS-ın hadisə yerindən müxbiri məlumat verib.
Cümə axşamı Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqların planlaşdırıldığı kimi Belarusun Brest vilayətinin ərazisində aparılacağını bildirib. Onlar Bakı vaxtı ilə saat 16:00-da başlamalı idilər.
***
16:15
Ukrayna Rusiya ilə danışıqlar üçün nümayəndə heyətini göndərib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
- Parlamentarilərin, rəsmilərin və Prezident Ofisi nümayəndələrinin daxil olduğu Ukrayna nümayəndə heyəti Rusiya Federasiyası ilə danışıqlara gedib. Bununla bağlı müvafiq fotonu Ukrayna Prezidenti Ofisi sədrinin müşaviri Mixail Podolyak paylaşıb. O, "Rusiya Federasiyası ilə danışıqlara gedirik. Artıq helikopterlərdəyik" yazıb.
Fotoda “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya da yer alıb.

Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


