Rusiya Ermənistandakı bölmələrini Ukraynaya göndərməyi planlaşdırır

   Rusiya Ermənistandakı bölmələrini Ukraynaya göndərməyi planlaşdırır
  18 Mart 2022    Oxunub:1455
Rusiya Ermənistandakı bazasından ayrı-ayrı bölmələri Ukraynaya qarşı müharibəyə göndərməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Hərbi əməliyyatlarda iştirak edən ayrı-ayrı hissələrin döyüş qabiliyyətini bərpa etmək cəhdlərini davam etdirən Rusiya Federasiyasının hərbi rəhbərliyi Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hissələrin Ukrayna ərazisinə köçürülməsini planlaşdırır”, - məlumatda deyilir.

Bildirilir ki, ayrı-ayrı rus hərbçilərinin döyüş əməliyyatlarında iştirakdan imtina etməsi faktları təsdiqlənir ki, bu da Ukrayna müdafiə qüvvələri ilə toqquşmalardan sonra rus əsgərlərinin mənəvi-psixoloji durumunun aşağı səviyyədə olması ilə bağlıdır.

“Xüsusilə, Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın rusiyalı hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib”, - deyə məlumatda bildirilir.

Baş Qərargah rus ordusunun şəxsi heyətinin ruhdan düşdüyünü, intihar və özünü şikəst etmə hallarının artdığını qeyd edir.

"Müsbət nəticələrin olmaması və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirə bilməməsi səbəbindən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava Desant Qoşunlarının 45-ci xüsusi təyinatlı briqadasının komandiri, polkovnik Vadim Pankovun tutduğu vəzifədən kənarlaşdırılması planlaşdırılır. O, Qostomel aerodromunda döyüş tapşırığını yerinə yetirməməkdə ittiham olunur”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti