Polşanın keçmiş XİN başçısı: “Bayden Varşavada yeni soyuq müharibə elan etdi”

      Polşanın keçmiş XİN başçısı:    “Bayden Varşavada yeni soyuq müharibə elan etdi”
  28 Mart 2022    Oxunub:829
ABŞ prezidenti Co Bayden Varşavanın Qala Meydanındakı çıxışında yeni soyuq müharibə elan edib. AzVision.az xəbər verir ki, bu fikri “Rzeczpospolita” qəzetinə müsahibəsində Polşanın keçmiş xarici işlər naziri Yaçek Çaputoviç (2018-2020) deyib.
Onun sözlərinə görə, Baydenin Rusiya prezidentinə qarşı ittihamları avropalılara bir siqnaldır:

“Strategiyanı dəyişməliyik. Rusiyanın Ukraynaya təcavüzündən əvvəlki vəziyyətə tez qayıtmaq şansı yoxdur. Biz uzunmüddətli münaqişəyə hazırlaşırıq. Bu çıxışında ABŞ prezidenti yeni soyuq müharibə elan etdi. Bunu 1946-cı ildə Uinston Çörçilin dəmir pərdə haqqında danışdığı çıxışı ilə müqayisə etmək olar. ABŞ prezidentinin nitqində reallığa münasibəti dəyişdirən şeylər söylənildi”.

“Bu müharibənin nəticəsi ABŞ-ın dünya liderliyini ələ keçirməsi və Rusiya ilə qarşıdurmadır. ABŞ üçün əsas problem Çindir, lakin onlar Rusiyanın kənarda qalacağını və diqqətini Çinə yönəldəcəyini düşünürdülər. ABŞ başa düşdü ki, əgər onlar Ukraynadakı münaqişəyə göz yumsalar, artıq onların liderliyi bərpa etmək şansları olmayacaq. Bayden açıq şəkildə dedi ki, Putin uğursuzluğa düçar olmalıdır və bu, Avropa ölkələrinin ümid etdiyi müxtəlif kompromisləri istisna edir”, - Çaputoviç deyib.

Siyasətçi xatırladıb ki, Brüsseldə deyilirdi ki, hərbi mənada Qərb və ABŞ Ukraynanı müdafiə etməyəcək: “ABŞ Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır, lakin bu qarşıdurmanın hərbi deyil, iqtisadi sferada baş verəcəyini təsəvvür edir. Hər şey o qədər də sadə deyil, bu, onun Brüsselə səfəri zamanı aydın oldu”, - deyə o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Polşa   Rusiya  



Xəbər lenti