Trampın keçmiş iki köməkçisinə cinayət işi açıla bilər

   Trampın keçmiş iki köməkçisinə cinayət işi açıla bilər
  29 Mart 2022    Oxunub:1228
ABŞ Konqresinin Nümayəndələr Palatasının ötən il yanvarın 6-da Kapitoliyə hücumunu araşdıran xüsusi komitəsi ABŞ-ın 45-ci prezidenti Donald Trampın administrasiyasının iki keçmiş əməkdaşına ifadə vermək üçün çağırış vərəqələrinə məhəl qoymadıqlarına görə məsuliyyətə cəlb olunmasını tövsiyə edib.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Komitə yekdilliklə Trampın keçmiş köməkçisi Daniel Skavino və keçmiş ticarət müşaviri Piter Navarronun Konqresə hörmətsizlikdə ittiham olunmasını tövsiyə edib. Komitə sədri Benni Tompson bildirib ki, hər iki şəxs eks-prezidentin 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdlərində əsas rol oynayıb: “Onların bizim istintaqla əməkdaşlıq etmək öhdəliyi var. Onlar bundan imtina ediblər. Bu isə cinayətdir”.

2021-ci ilin oktyabrında ABŞ qanunvericilik orqanının Demokratların nəzarətində olan aşağı palatası Trampın keçmiş köməkçisi Stiven Bannon dinləmələrə qatılmaqdan imtina etdikdən sonra Konqresə hörmətsizlik etdiyinə görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etdi. Qanunvericilərin çağırış dinləmələrinə gəlmək tələbinə əməl edilməməsi ABŞ-da Konqresə hörmətsizlik hesab olunur və məhkəmədə cinayət kimi qiymətləndirilə bilər. Lakin Trampın keçmiş köməkçisinə qarşı işin açılıb-açılmaması ilə bağlı qərarı yalnız Ədliyyə Nazirliyi verə bilər.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Tramp   ABŞ  



Xəbər lenti