Ruslar son bir ayda daha az pul xərcləyiblər - ARAŞDIRMA

   Ruslar son bir ayda daha az pul xərcləyiblər -   ARAŞDIRMA
  05 Aprel 2022    Oxunub:932
Rusiya vətəndaşlarının yarısı son bir ayda öz xərclərində daha qənaətcil olub. Eyni zamanda, hər beşinci vətəndaş, əksinə olaraq həmişəkindən daha çox pul xərcləməyə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Saytlar "Synergy" Universitetinin analitik mərkəzinin araşdırmasına istinad ediblər.

"Analitiklər apardıqları araşdırmalar zamanı belə qənaətə gəliblər ki, Rusiya vətəndaşlarının təxminən 51% -i son bir ayda daha çox qənaətcil olub. 18% isə, əksinə, həmişəkindən çox xərcləməyə başlayıb. Rusların 31% -nin maliyyə davranışı dəyişməyib. Bununla bağlı sorğu martın sonunda ölkənin bütün bölgələrindən olan beş min sakin arasında aparılıb",- məqalədə yazılıb.

Respondentlərin üçdə ikisi (65%) bildirib ki, son bir ayda mal və xidmətlərin dəyərinə, eləcə də keyfiyyətinə daha çox diqqət yetirməyə başlayıb. Vətəndaşların təxminən 57% -i "emosional" alış-veriş etməkdən imtina edib. Hər üçüncü rus (34%) pula qənaət etmək üçün daha çox ucuz mağazalara gedib və ya artıq bunu etməyə başlayıb. Digər 29% daha ucuz brendlərə keçməyi planlaşdırır və yaxud da buna başlayıb.

Respondentlərin 56%-i yaxın gələcəkdə səyahət, 32%-i isə əyləncə xərclərini azaltmağı planlaşdırır. Bundan başqa 27% kafe və restoranlar, 24% isə idman və fitnes xərclərini azaltmağı düşünür. Həmçinin, ruslar ev üçün böyük miqdarlı alış-verişə (18% belə deyib), təhsilə (16%), paltar və ayaqqabıya (12%), qidaya (9%) daha az pul xərcləmək niyyətindədir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Xərc  



Xəbər lenti