Milli Qəhrəman İbad Hüseynov
AzVision.az -a açıqlamasında qardaşı oğlu ilə fəxr etdiyini bildirib: “Bu, təəccüblü deyil, bizim nəslin hamısı vuruşub, döyüşüb, yaralanıb. Bizim nəsildə yaralanmayan kişi yoxdur. Hamı müharibədə iştirak edib. Möhsün elə bir kişinin oğludur ki, əlbəttə, qəhrəman olmalıdır. Onun atası İlyas Birinci Qarabağ Müharibəsində canını qoydu, güllədən aldığı yaradan rəhmətə getdi.
İlyas Hüseynov
İlyas bizim bölgədə batalyon komandiri idi. Batalyonun kəşfiyyat komandiri isə mən idim. Möhsün Ukrayna vətəndaşıdır, öz vətənində döyüşür, qəhrəmanlıq edir. Bizim nəsil, kök vətən üçün canını qoyan bir nəsildir”.
İ.Hüseynovun sözlərinə görə, qardaşı oğlu 44 günlük Vətən müharibəsində iştirak etmək üçün Azərbaycana gəlmək istəyirmiş, ancaq Ukrayna vətəndaşı olduğu üçün gələ bilməyib: "Atasının yolunu davam etdirməyi arzulayırdı. Qardaşlarım vaxt olduqca əlaqə saxlayırlar, əhvalı çox yaxşıdır. Qəhrəmancasına ön cəbhədə döyüşür”.
Qeyd edək ki, Möhsün Hüseynov 1991-ci ildə Dnepr şəhərində doğulub, anası ukraynalıdır. Atası İlyas Hüseynov Birinci Qarabağ Müharibəsi başladığı üçün onları Ukraynada qoyub, Azərbaycana qayıdıb. Onun əmiləri - Xocavəndin icra başçısı Eyvaz Hüseynov və qardaşı, Milli Qəhrəman İbad Hüseynov müharibədə fəal iştirak ediblər. Ukraynadan qayıdan İlyas da ən qaynar nöqtələrdə döyüşüb. Müharibədən sonra isə Ukraynaya qayıtmayıb. Möshün bir neçə dəfə Azərbaycanda olub. 2007-ci ilə kimi atası ilə əlaqələri olub, sonradan İlyas Hüseynovun rəhmətə getdiyini öyrənib. 2015-ci ildə aldığı kontuziya səbəbindən ordudan tərxis olunub. Ukrayna dövləti onu “İgidliyə görə”, “Şücaətə görə” medalları ilə təltif edib. Evlidir, bir uşağı var.
Şahanə Rəhimli
AzVision.az