Nigeriyada silahlı hücum nəticəsində 50 nəfər ölüb

   Nigeriyada silahlı hücum nəticəsində    50 nəfər ölüb
  12 Aprel 2022    Oxunub:967
Nigeriyanın Plateau əyalətində silahlı insident yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, silahlı şəxslər ən azı 50 nəfəri qətlə yetiriblər. Yerli sakinlər və icma başçısı da silahlı dəstələrin Afrikanın şimal bölgələrinə son hücumları ilə bağlı məlumat veriblər.

Qeyd edilir ki, ölkənin mərkəzində yerləşən Plateau əyalətində bu cür hücumlar tez-tez baş vermir. Lakin Plateau Kaduna əyaləti ilə həmsərhəd olduğundan quldurlar keçən ay qatar relslərini partlatmışdılar. Həmin hadisə zamanı silahlılar səkkiz adam öldürmüş və onlarla mülki şəxsi qaçırmışdılar. Bundan başqa keçən həftə silahlılar Kadunadakı hərbi bazaya hücum etmişdilər ki, nəticədə 15 əsgər öldürülmüşdü.

- Baş vermiş hadisə çox məyusedicidir və biz bunu qətiyyətlə pisləyirik. Təhlükəsizlik qüvvələri qaçırılmış şəxsləri dərhal xilas etməlidir, - Plateau Ağsaqqallar Şurasının sözçüsü Conatan İshaku deyib. Onun sözlərinə görə, silahlılar 50 nəfərin həyatına son qoyublar. Bundan başqa 9 kənddən qadın və uşaqlar da daxil olmaqla 70 nəfər qaçırılıb. Plateau qubernatoru Simon Lalonqun sözçüsü isə evlərin və mülklərin dağıdıldığını və çoxlu sayda insanın öldürüldüyünü təsdiqləyib. O, ölənlərin sayını açıqlamayıb.

Hücum edilən kəndlərdən biri olan Kukava sakini İsahya Solomon deyib ki, silah səslərini eşidəndə ailəsi ilə birlikdə maşına minərək qaçıb və silahlı şəxslər getdikdən sonra gecə vaxtı geri qayıdıb. Mağazalar qarət edilərkən və kəndlilər yaxınlarının cəsədlərini götürərkən onun evi ilə birlikdə bir neçə başqa evin də yandırıldıönı görüb.

Qeyd edək ki, Nigeriyanın əksər kənd yerlərində telefon və rabitə xidməti zəifdir. Bu da kəndlilərin şimal-şərqdə islamçı üsyançılarla mübarizə aparan təhlükəsizlik qüvvlərindən kömək istəməsini çətinləşdirir.

Aydan Mustafayeva
AzVision.az



Teqlər: Nigeriya  



Xəbər lenti