Dünyada uşaqların hepatitə yoluxması halları artıb

Dünyada uşaqların hepatitə yoluxması halları artıb
  20 Aprel 2022    Oxunub:857
Bəzi ölkələrdə uşaqların hepatitə yoluxması ilə bağlı narahat arzuolunmaz statistika müşahidə edilir. Səhiyyə rəsmiləri hazırda ABŞ da daxil olmaqla, dörd Avropa ölkəsində uşaqlarda səbəbi açıqlanmayan hepatit virusuna yoluxma hallarının araşdırıldığını bəyan ediblər.
Keçən həftə Böyük Britaniyanın səhiyyə orqanları daha çox böyüklərdə rast gəlinən hepatitə artıq xeyli sayda uşaqların da yoluxduqlarını söyləyiblər. Xəstəliyin hansı səbəbdən uşaqlar arasında yayıldığı məlum deyil. Avropa Xəstəliklərin Qarşısı Alınması və Nəzarət Mərkəzi isə dörd Avropa ölkəsində hələlik ümumi yoluxma statistikasını açıqlamayıb.
Lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İrlandiyada qısa müddətdə təxminən 5, İspaniyada isə üç nəfərin bu virusa yoluxduğunu bəyan edib. ÜST əlavə edib ki, yaxın günlərdə bu rəqəm arta bilər. Avropa Xəstəliklərin Qarşısı Alınması və Nəzarət Mərkəzindən verilən məlumata görə, yoluxma hallarının qeydə alındığı bütün Avropa ölkələrində virusun səbəbləri ilə bağlı araşdırmalar davam edir. ABŞ-ın Alabama ştatının İctimai Səhiyyə departamenti isə 1-6 yaş arası 9 uşaqda məlum xəstəliyin aşkar edildiyini, ikisinin qaraciyər transplantasiyasına ehtiyacı olduğunu söyləyib.

Böyük Britaniya ən çox yoluxma hallarının qeydə alındığı yerdir. İndiyədək ümumilikdə 74 yoluxma hadisəsi qeydə alınıb. Keçən həftə Böyük Britaniyanın Səhiyyə sahəsində Təhlükəsizlik Agentliyi Britaniyada yoluxucu hepatitə (hepatit A,B,C,D,E) səbəb olan adi virusların aşkar olunmadığını bildirib. Nəticədə, tədqiqatçılar digər mümkün səbəbləri araşdırır və adenovirusun xəstəliyə səbəb ola biləcəyini düşünürlər. Adenoviruslar adətən soyuqdəymə, qusma və ishal kimi bir sıra yüngül xəstəliklərə səbəb olan viruslar qrupudur. Bununla belə, xəstəliyin digər səbəblərinin də araşdırıldığı və hepatitə yoluxma hallarının artmasının Covid-19 peyvəndləri ilə heç bir əlaqəsi olmadığını bildirilib.

Hepatit nədir?

Hepatit qaraciyərin iltihabı xəstəliyidir. Spirtli içkilərin həddindən artıq qəbulu, narkotik maddələrdən istifadə, piylənmə, şəkərli diabet və genetik pozğunluqlar xəstəliyin yaranmasına səbəb olur. A, B, C, D və E kimi tanınan virusların yaratdığı beş əsas hepatit növü var. Lakin onların heç biri bu günə qədər bu uşaqlarda müşahidə olunan qaraciyər iltihabına səbəb olmayıb.

Aydan Mustafayeva
AzVision.az



Teqlər: Hepatit  



Xəbər lenti