Şri Lankada fövqəladə vəziyyət elan edildi

   Şri Lankada fövqəladə vəziyyət elan edildi
  07 May 2022    Oxunub:1190
Şri-Lanka prezidenti Qotabaya Rajapaksa iqtisadi böhranın təsirləri ilə bağlı davam edən etirazlar fonunda ölkədə fövqəladə vəziyyət elan edib.
AzVision.az xəbər verirki, bu barədə “Times of India” qəzeti dövlət başçısının ofisinin nümayəndəsinə istinadən məlumat yayıb.
Fövqəladə vəziyyət şənbə günü yerli vaxtla saat 00:00-dan etibarən qüvvəyə minəcək. Prezident bunu ictimai asayişi təmin etmək məqsədilə tətbiq edib. Qərar həmkarlar ittifaqları Rajapaksanın istefası tələbi ilə milli tətil keçirdikdən sonra verilib. Bundan başqa, minlərlə tələbə parlament binası yaxınlığında etiraz aksiyası keçirib və bir gündən artıqdır ki, ora gedən yolları bağlayıb. Fəallar hakimiyyəti iqtisadi böhranın öhdəsindən gələ bilməməkdə ittiham edirlər.

Prezident və onun böyük qardaşı, baş nazir Mahinda Rajapaksa öz postlarını tərk etməkdən imtina edirlər. Aprelin əvvəlindən ölkədə əhalinin həyat şəraitinin pisləşməsinə, yanacağın, ərzaq və zəruri malların çatışmazlığına qarşı kütləvi etiraz aksiyaları davam edir. 1948-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə ən dərin iqtisadi böhran yaşanır.

Valyuta ehtiyatlarının qıtlığı yaranıb. Bu şəraitdə Şri-Lankanın hakimiyyət orqanları resurslara qənaət tətbiq etmək və idxalı azaltmaq məcburiyyətində qalıb ki, bu da Şri-Lanka rupisinin 50% ucuzlaşması ilə nəticələnib. Şri Lankanın sementə, avtomobil hissələrinə, yanacağa, qidaya böyük ehtiyacı var. Bu vəziyyət inflyasiyanın artmasına səbəb olub və mart ayında 25%-ə çatıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:



Xəbər lenti