|
| İrəvanda etirazçılar polisə hücum etdi, 38 nəfər yaralandı -VİDEO+YENİLƏNİB |
Bu gün isə hakim “Vətəndaş müqaviləsi” fraksiyası müxalifəti məlum xaosa görə sərt şəkildə tənqid edib. Deputatlar İrəvanın Proşyan küçəsindəki hökumət "daça"ları adlanan ərazinin yaxınlığında keçirilən aksiya zamanı etirazçılarla polis əməkdaşları arasında yaranmış toqquşmanı təxribat adlandırıblar. Hakim fraksiyanın katibi Artur Hovannisyan deyib ki, aksiya iştirakçılarından çox asayişi qoruyanlar xəsarət alıb.
- Revanşistlər parlamentdə təxribat təşkil edə bilmədilər və polisə daş atmağa başladılar. Nəticədə orta və ağır bədən xəsarətləri alan 20-yə yaxın hüquq-mühafizə orqanı əməkdaşı xəstəxanaya yerləşdirilib, - deputat qeyd edib.
Onun sözlərinə görə, baş verən insidentdə müxalifət, şəxsən İşxan Saqatelyan məsuliyyət daşıyır.
Qeyd edək ki, apreldən başlayan vətəndaş itaətsizliyi aksiyaları zamanı ilk dəfə olaraq polis dünən aksiyanı dağıtmaq üçün səs-işıq qumbaralarından istifadə edib. Maraqlısı isə budur ki, polisin atdığı qumbaralardan daha çox əziyyət çəkən dövlət daçalarının yanında sədd qurmuş hüquq-mühafizə orqanlarının əməkdaşları olub.
Rəsmi məlumatlara görə, toqquşmalarda 50 vətəndaş yaralanıb. Onlardan 34-ü polis, 16-sı isə mülki şəxs olub.
Xatırladaq ki, müxalifət aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


