Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbə rəisi Nuranə Hüseynova bildirib ki, Xocavənd rayonunun Edilli kəndində 3 sahə aşkar olunub: "Birinci və ikinci sahədə ümumi 6 skelet, üçüncü sahədə isə 12 skelet sümüyü aşkarlanıb. Skeletlər hərbçilərə aiddir. Üzərlərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan əlavə, 2 ədəd bıçaq, siqaret kötükləri, gilizlər aşkarlandı. Çoxunun ayaqları kəndirlə bağlanıb. Sümüklər müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək və daha dəqiq müayinələr orada davam etdiriləcək".
Qeyd edək ki, bu, Edilli kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə öldürərək kütləvi basdırdıqları növbəti məzarlıqdır. Fevral ayında Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan 26 jurnalist Xocavəndin Edilli kəndində tapılan birinci məzarlıqda erməni vandalizmini lentə alıb.




AzVision.az