Səadət Yusifova: "QHT-lər dövlətə dəstək olmalıdırlar"

      Səadət Yusifova:    "QHT-lər dövlətə dəstək olmalıdırlar"
  14 Oktyabr 2022    Oxunub:2566
Hazırda QHT-lər ölkədə islahatların həyata keçirilməsində, postpandemiya problemlərinin həlli, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, postmünaqişə məsələlərinin həlli, sülhyaratma və reinteqrasiya proseslərində aktiv iştirak etməli və dövlətə bu sahədə dəstək olmalıdırlar. Bundan başqa, QHT-lərin müasir beynəlxalq münasibətlərin yeni aktorları kimi qlobal proseslərə təsirini nəzərə alsaq, onların xaricdə fəaliyyətinin genişləndirilməsi zərurəti yaranır. Belə ki, beynəlxalq münasibətlərdə, qlobal informasiya məkanında ikili standartların mövcud olduğu bir şəraitdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün publik və rəqəmsal diplomatiyanın ayrılmaz tərkib hissəsi olan ictimai sektorun təsir imkanları əvəzedilməzdir.
Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova oktyabrın 14-də Beynəlxalq Asiya Mətbuat Fondunun 30 illiyi münasibətilə keçirilən tədbirdə söyləyib.

Ölkəmizdə QHT-lərə dövlət dəstəyi, dövlət-QHT əməkdaşlığına aid kifayət qədər nümunələrin olduğunu qeyd edən S.Yusifova deyib:

"Bu əməkdaşlığın ən bariz nümunələrindən biri elə məhz Beynəlxalq Avrasiya Mətbuat Fondudur. Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağ probleminin həlli, bu sahədə medianın rolu və s. istiqamətlərdə 30 illik ənənəsi, iş təcrübəsi olan, ölkəmizdə və xaricdə öz fəaliyyəti ilə hörmət və nüfuz qazanan təşkilatlardan biridir. Təsadüfi deyil ki, 30 il bundan əvvəl olduğu kimi bu gün də Fondun fəaliyyətində humanitar aspekt üstünlük təşkil edir".

S.Yusifova vurğulayıb ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 il ərzində təmas xəttində, 44 günlük Vətən müharibəsi bitdikdən sonra işğaldan azad edilmiş ərazilərdə minalar və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində maarifçilik işləri aparır: "Fond Azərbaycanda az təşkilatlardandır ki, həm beynəlxalq təşkilatlarda, həm də mətbuatda eyni qaydada böyük uğurlara imza atıb. Fondun artıq yerli təşkilatdan daha geniş bir coğrafiyanı əhatə edə biləcək, regional və ya beynəlxalq təşkilata çevrilməsi üçün böyük potensialı var".

AzVision.az



Teqlər:





Xəbər lenti