"Tarqovi"da Azərbaycan mətbəxinə aid restoran yoxdur - Direktor

   "Tarqovi"da Azərbaycan mətbəxinə aid restoran yoxdur -    Direktor
  24 Oktyabr 2022    Oxunub:1039
"Milli Kulinariya Mərkəzinin funksiyası elmi metodoloji bazanın təkmilləşdirilməsi, 30 ildən sonra Azərbaycanda tədris ediləcək ədəbiyyatı formalaşdırmaq və sifarişini vermək, kulinariyanı elm olaraq təsdiq etmək və onun qeyd olunan gününü müəyyənləşdirməkdir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov deyib.

"Eyni zamanda bununla bağlı qanunvericilikdə dəyişiklik edilməsi üçün Dövlət Turizm Agentliyi vasitəsilə Nazirlər Kabinetinə müraciət etmək və Azərbaycan Milli Kulinariya Mərkəzini yeniliklərin reyestri elm mərkəzinə, bazaya çevirmək əsas prioritetdir".

O.Sadıqov qeyd edib ki, müştərək yol xəritəsi ilə Azərbaycan milli irsinin xəritəsinin təbliğatı, qorunması mexamizmləri dəqiq işlənib gündəmə gətirilməlidir: "Bu mexanizmlər dəqiq işlənərsə, işi peşəkarcasına icra edərlərsə, proses uğurla və daha çevik həyata keçiriləcək.

Artıq Bakıda "Tarqovi" kimi tanınan Nizami küçəsində Azərbaycan mətbəxinə aid restoran yoxdur. İşğaldan azad edilən ərazilərin əsas küçələrində milli mətbəxi təmsil edəcək kafe və restoranlar olmalıdır.

Qanunvericilik dəyişərsə, milli mətbəx ənənələrinə riayət etməyən restoranlara kartlar tətbiq edilə bilər ki, onlar bizim milli mətbəximizi turistlərə belə təqdim edə bilməz".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti