AMEA-nın 13-cü prezidenti - DOSYE

  AMEA-nın 13-cü prezidenti -    DOSYE
  25 Oktyabr 2022    Oxunub:1308
Xəbər verdiymiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.
AzVision.az xəbər verir ki, İsa Həbibbəyli 1949-cu il oktyabrın 16 -da Naxçıvanın Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

77 yaşlı AMEA-nın prezidentləri - Onlar kimlərdir?
Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyində təmsil olunur. Əməkdar elm xadimidir.

1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləyib. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb.

2013-cü ilin aprel ayından uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi fəaliyyət göstərib.

III, IV və V çağırış Azərbaycan Milli Məclisinin millət vəkili olub. Hal-hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Tədqiqat sahəsi Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsidir. ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxıstan, Gürcüstan, Monqolustanvə başqa ölkələrdə rəsmi səfərlərdə olub, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxış edib.

Ailəlidir, 3 övladı var. Onların üçü də yüksək vəzifədə çalışır.

Oğlu Səhət Həbibbəyli 2019-cu ildən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. O, gömrük xidməti general-leytenantı rütbəsini daşıyır.

Digər oğlu Ərəstü Həbibbəyli Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi vəzifəsini və Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini daşıyır.

Qızı Günay Mənsimova Xırdalan şəhər 1 saylı Notariat Kontorunun rəisi vəzifəsini tutur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   AMEA   Prezident  





Xəbər lenti