Şağanda şəhid bulağını sökdülər - İcra hakimiyyəti "xəbərsizəm" deyir

    Şağanda şəhid bulağını sökdülər    - İcra hakimiyyəti    "xəbərsizəm" deyir
  26 Oktyabr 2022    Oxunub:1209
Xəzər rayonu, Şağan qəsəbəsində şəhid Allahverdi Allahverdiyev Əli oğlunun adına olan bulaq rayonun icra hakimiyyətinin işçiləri tərəfindən sökülüb.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

İcra nümayəndələri qəsəbə sakinlərinin xahişlərinə baxmayaraq şəhidin adına olan bulağı sökmək fikrindən daşınmayıblar. Sakinlərin sözlərinə görə, bulağı şəhidin ailəsi tikdirib və açılış mərasimində icra hakimiyyətinin rəhbərliyi də qatılıb, çıxışlar edərək, şəkillər də çəkdirib.

AzVision.az Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin rəisi Gülbala Qurbanov məsələdən xəbərlərinin olmadıqlarını deyib. O, bu barədə sonradan məlumat veriləcəyini desə də, zənglərimizə cavab verməyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Allahverdi Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində baş atıcı olaraq iştirak edib. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. Allahverdi Allahverdiyev 27 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.











AzVision.az



Teqlər:





Xəbər lenti