"Yardıma gedəndə bomba yanıma düşüb gözümü çıxardı" - Dəhşətli terrorun qurbanı

 "Yardıma gedəndə bomba yanıma düşüb gözümü çıxardı" -  Dəhşətli terrorun qurbanı
  28 Oktyabr 2022    Oxunub:2262
2020-ci il oktyabrın 28-i Ermənistan silahlı bölmələrinin Bərdə şəhərini bomabalaması nəticəsində ciddi xəsarət alanlardan biri Məhərrəm Muradlıdır. Həmin vaxt 17 yaşı olan və Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin II kursunda oxuyan Məhərrəmin gələcəyə böyük ümidləri var idi. O heç gözləmirdi ki, döyüş meydanından kilometrlərcə uzaqlıqda olan şəhəri bomabalayarlar və ciddi yaralanar.
Məhərrəm Muradlı Bərdə terrorunda bir gözünü itirib, başından qələ yaraları alıb. Hadisə nəticəsində nitq qabiliyyəti pozulub və tez-tez sudurğa keçirir. Ona əlillik statusu verilib.

O terror zamanı yaşadıqlarını AzVision.az -la bölüşüb:

“Günorta saatları idi. Qardaşım, mən və bibimoğlu I Qarabağ müharibəsində şəhid olan əmimin pensiyasını almağa getmişdik. Sonra qardaşım dedi ki, gedək ona şalvar alaq. Şalvar alıb şəhərdə bir az gəzdik. Söhbət edirdik. Biz mərkəzi küçədən aralı idik. Bir də gördük ki, ermənilərin bombaları yağdı. O zamana qədər Bərdə şəhərinin iki ayrı yeri bombalanmışdı.

Kasetli bombalar düşdüyü hər yeri qan gölməçəsinə çevirirdi. Birinci qardaşım yaralandı. Sonra Gəncədən gələn FHN əməkdaşı. Ona yardıma gedəndə 3-cü bomba yanıma düşdü, gözümü çıxardı. Yara yeri isti olanda insan hiss etmir. Bombanın dalğasının gücündən qırağa atılmışdım. Ayağa duranda ətrafdakılar dedi ki, üzün qandır. Mən isə heç nə hiss etmirdim. Deyirdim məndə heç nə yoxdur. Əlimi üzümə vuranda gördüm qan içindəyəm. Amma yaxşı ki, özümü itirmədim. Ətraf toz-dumana qarışmışdı, insanların çığırtılarını, qaçmaqlarını görürdüm. Bir bomba da yanımızda maşına düşmüşdü, içərisində 2 nəfər yanmışdı. Üstündən 2-3 dəqiqə keçmiş polislərimiz tez gəlib bizi xəstəxanaya apardılar. Atam yolda harada olduğumuzu soruşmaq üçün zəng edəndə dedim, xəstəxanaya gedirik, yaralanmışıq. Bizi əvvəl Yevlax rayonuna, sonra Gəncəyə apardılar. Səhərisi gün isə artıq əməliyyat olundum və bəbyimi götürdülər”.



Məhərrəm deyir ki, Bərdənin həmin küçəsindən keçəndə hər dəfə yaşanan terroru xatırlayır:

“O günü yaddaşlardan heç zaman silinməz. Düşmənin alçaq hərəkəti nə qədər insanın həyatına son qoydu. Gəncə terrorlarını görmüşdük, amma düşünməzdik ermənilər mülki əhalini yenidən hədəf alıb, Bərdəyə də kasetli bomba atarlar. Bizim mərd oğullarımızın döyüş meydanında ermənilərə qan uddudurdu, qazandıqları qələbə ilə bizim qisasımızı alırdılar. Ermənilər Bərdəni vurmaqla döyüş meydanındakı məğlubiyyətlərin qisasını almağa çalışırdılar. Amma ermənilər istədiklərinə nail ola bilıməmişdilər. Bərdəyə nə qədər atsalar da insanlarımızın heç biri evlərini tərk etməmişdi.

Qardaşım və bibimoğlu terrorda yüngül yaralanmışdılar. Mən ən ağır zədə aldım. Danışığımda problem yaranıb və tez-tez sudurğa keçirirəm ”.

Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələri endirilib. Terror nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.





Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti